Bu foto 1985-ci ildə Kolumbiyada fotomüxbir Frank Forner tərəfindən çəkilib. Fotodakı qızın adı Omayra Sançezdir.

SİA sizə "Foto Fraqman" layihəsi çərçivəsində növbəti fotonu təqdim edir.
13 noyabr 1985-ci ildə yerli sakinlərin "yatan aslan" adlandırdıqları və 130 il səssiz qalan vulkanik yanardağ "Nevado del Ruiz" fəaliyyətə keçərək partlayır və Omayra Sançezin yaşadığı kəndi yerlə-yeksan edir. Bu faciədən bir çox insan sarsılır. Lakin faciənin böyüklüyü daha çox Omayranın simasında əks olunur.
Partlayış nəticəsində Omayranın bədəninin yarısı torpaq sürüşməsi nəticəsində yerin altında qalır və yavaş-yavaş ətrafını su basır. Omayra yaşamaq üçün dağıntı parçasından yapışır və o, bir gün ərzində suyun altında səssizcə gözləyir. Bir gün sonra isə Omayra bir jurnalist tərəfindən tapılır. Bölgədəki könüllülər dərhal Omayranın başına toplaşır və onu xilas etməyə səy göstərirlər.
Lakin balaca qızın ayaqlarını qırmadan onu torpağın altından çıxarmaq qeyri-mümkün idi. Digər tərəfdən isə onu hər dəfə xilas etməyə çalışarkən ətrafındakı su səviyyəsi yüksəlir və qızın nəfəs almasının qarşısını alırdı.
Suyun altına baxan xilasedicilər Omayranın ayaqlarının kərpic qırıqlarının altında qaldığını görürlər. Omayra isə bütün bunlara baxmayaraq jurnalistlərə gülümsəyir və mahnı oxuyurdu. Düşdüyü vəziyyətdən bircə dəfə də şikayətlənməyən Omayra xilas ediləcəyi anı gözləyirdi.
Balaca qız möcüzəvi şəkildə 3 günə yaxın suyun altında qalır. Onun həyatını xilas edəcək avadanlıqlar vaxtında gəlmir və Omayranın vəziyyəti pisləşir. Balaca qız huşunu itirir və sayıqlamağa başlayır. Sonunda gözlənilən avadanlıqlar gəlir lakin artıq çox gec olur. Suyu boşaltdıqdan sonra Omayranın ayaqlarının qanqren olduğu məlum olur.
İndi sadəcə bir yol qalmışdı: Omayranın ayaqlarını kəsmək...
Lakin ətraf çirkab içində idi və Omayranın ayaqları kəsildikdən sonra o daha böyük bir ağrı ilə öləcəkdi. Buna görə də daha "insaflı" bir davranışla Omayranın olduğu yerdə yavaş-yavaş gözlərini yummasına icazə verdilər...
Omayra 60 saat əzab çəkmiş və bu 60 saat ərzində çəkdiyi əzab-əziyyəti bircə dəfə belə bəlli etməmişdi. Sadəcə gülümsəmiş, danışmış və mahnı oxumuşdu...
Omayranın son sözləri bunlar idi: "Anamı çox sevirəm, atamı və ailəmi çox sevirəm. Onları çox sevdiyimi çatdırarsınız".
Lakin Omayranın atası ondan 2-3 gün əvvəl ölmüşdü.
Bu faciə Kolumbiya hökuməti nümayəndələrinin səhlənkarlığının bir nəticəsi idi. Əslində yanardağ yatmamışda, yatan sadəcə dövlət orqanları idi...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB