Xilasedicilər İndoneziyanın şərqində qəzaya uğramış təyyarənin sərnişinlərinin cəsədlərini və “qara qutu”larını aşkar ediblər
54 nəfərin cəsədi aşkarlandı

Xəbər verdiyimiz kimi, indoneziyalı xilasedicilər ölkənin şərqində qəzaya uğramış təyyarənin axtarışlarını avqustun 18-də davam etdiriblər. İndoneziya Axtarış və Xilasetmə Agentliyinin rəhbərinin bildirdiyinə görə, axtarış-xilasetmə əməliyyatında 100-dək xilasedici iştirak edir. Onun sözlərinə görə, təyyarədəkilərin hamısı həlak olub.

Xilasedicilər təyyarənin bütün sərnişinlərinin və heyət üzvlərinin cəsədlərini aşkar ediblər. Hazırda cəsədlərin təxliyəsi ilə bağlı hazırlıq işləri aparılır. Bundan əlavə, xilasedicilər təyyarənin "qara qutu"larını da tapıblar. Nəqliyyat naziri İqnasias Conanın bildirdiyinə görə, onlar şifrələrin oxunması üçün tezliklə mütəxəssislərə təhvil veriləcək.

Xilasedicilər, həmçinin hadisə yerində İndoneziya poçtuna məxsus xeyli miqdarda pulun olduğu çantaları da aşkar ediblər. Həmin pullar aztəminatlı ailələr üçün nəzərdə tutulmuşdu. Bəzi çantalar yandığına görə, həmin vəsaitin bir hissəsinin sıradan çıxdığı bildirilir.

Xatırladaq ki, "Trigana Air Service" aviaşirkətinə məxsus ATR 42-300 tipli təyyarə Cayapura-Oksibil marşrutu üzrə reysi həyat keçirərkən enməyə 10 dəqiqə qalmış radarların ekranından itib. Sonradan hökumət orqanları təyyarənin qəzaya uğrayaraq dağa çırpılması barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə