Alimlər yadplanetlilərin axtarışına başlayırlar

Alimlər yadplanetlilərin axtarışına başlayırlar

ABŞ-ın Kaliforniya Universiteti nəzdindəki Tədqiqatlar Mərkəzinin mütəxəssisləri yerdənkənar sivilizasiyalarla əlaqə qurmaq üçün yeni cəhdlərə başlayacaqlar. KİV-lərin məlumatına görə, yaxın günlərdə təsdiq olunacaq proqram insana bənzər həyat formalarının olduğu güman edilən kosmik obyektlərə xüsusi elektron məlumatlar göndərilməsini nəzərdə tutur.

TASS informasiya agentliyi xəbər verir ki, axtarış zonası Yer kürəsindən 20 işıq ili qədər, yəni 190 trilyon kilometr məsafədə təyin edilib. Tədqiqat mərkəzinin rəhbərlərindən biri olan Devid Blekin sözlərinə görə, "idrak üzrə qardaşlarla" əlaqə yaratmaq üçün planetimizdən göndəriləcək məlumatın mətninin seçilməsi istiqamətində işlər gedir.

1984-cü ilin payızında yaradılan institut yerdənkənar sivilizasiyanın indiyə qədər uğursuz olan axtarışını israrla davam etdirir. İnstitutun mütəxəssisləri 30 ildir ki, radio və optik teleskoplar vasitəsi ilə kosmosda digər sivilizasiyalardan gələn siqnalları tutmağa cəhd edirlər. Hazırda onlar fəaliyyət dairələrini genişləndirmək və bizim qalaktikanın bir hissəsinə siqnallar göndərmək qərarına gəliblər.

Bu arada bir sıra alimlər artıq belə layihələrə öz etirazlarını bildirirlər. Belə ki, tanınmış britaniyalı alim Stiven Hokinq insanların öz mövcudluğu barədə kənar aləmə xəbər ötürməsinin "çox təhlükəli" olduğunu bildirib.

Yerdənkənar sivilizasiyaların mövcudluğuna inanan və onların bir hissəsinin Yerə nisbətən daha yüksək texnoloji səviyyədə olduqlarını hesab edən Hokinqin fikrincə, yadplanetlilərin bizim yerlərə gəlişi Kolumbun kəşfindən sonra Amerikanın yerli sakinlərinin başına gələnlərin təkrarı ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə