Kembirc universitetinin alimi Uorren Dokter təsdiq edir ki, Böyük Britaniyanın baş naziri Uinston Çörççil İslam mədəniyyətinə xüsusi rəğbət bəsləyib və onu öyrənib. SİA Britaniya mətbuatının 29 dekabrda ictimailəşdirdiyi məlumata istinadən xəbər verir ki, baş nazirin ailə üzvləri XX əsrin əvvəllərində onun İslamı qəbul etməsindən ehtiyat edirdilər. Belə ki, Uorren Dokter 1907-ci ildə Gvendolin Berti (o daha sonradan baş nazirin qardaşı Cekə ərə getmişdi-red.) tərəfindən Çörççilə yazılmış məktubu aşkar edib. Məktubda qeyd olunub: "Xahiş edirəm, İslamı qəbul etmə. Mən səndə şərqə meyllilik hiss edirəm. Bununla sən paşalara daha çox oxşayırsan".
Çörççil isə həmin məktubda qardaşının gələcək arvadına yazıb: "Sən məni paşalara bənzədirsən. Bəli, mən paşa olmaq istərdim".
Tarix də göstərir ki, Böyük Britaniyanın baş naziri həqiqətən də İslam bilicisi olub. O, bu dinin mədəniyyəti, o cümlədən şərq xalqlarının mədəniyyətindən kifayət qədər xəbərdar olub. Çünki o, Sudanda və Hindistanın Şimal-Qərb hissəsində (indiki Pakistanda) baş verən müharibələrdə iştirak edib. Çörççil eyni zamanda Britaniya kolonialistlərinin Nigeriyanın Şimalındakı silahlı təcavüzlərinə qarşı çıxıb.
Uorren Dokterin sözlərinə görə, Çörççil bütün bunlara rəğmən, İslam dinini qəbul etmək fikrində deyildi. Çünki onun əsas baxışları ateizm üzərində qurulmuşdu. "O, sadəcə İslamın bəşərə verdiyi mədəni töhfələrinin vurğunu olub" -deyə, britaniyalı alim qeyd edib.
Birinci dünya müharibəsi zamanında Britaniyanın hərbi-dəniz və müdafiə naziri olarkən, Çörççil Osmanlı İpmeriyasının dağıdılmasında, ərəb dövlətlərinin yaradılmasında yaxından iştirak edib. 1940-cı ildə isə, baş nazir olarkən, o, Londonun Ridcent-park istiqamətində mərkəzi məscidin tikintisinə dövlət büdcəsindən o zaman üçün böyük məbləğdə pul – 10 min funt-sterlinq ayırmışdı. Çörççil belə hesab edirdi ki, belə bir addım ikinci dünya müharibəsində müsəlman ölkələri əhalisinin Britaniyaya simpatiyasına səbəb olacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB