Atıcılıq üzrə yarışların ilk qalibləri məlum oldu

Atıcılıq üzrə yarışların ilk qalibləri məlum oldu

"Qəbələ" Atıcılıq Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə Beynəlxalq "Qran-pri" yarışlarının ilk qalibləri məlum oldu.

Rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən yarışın ilk günündə qadınların yarışı böyük maraq doğurdu. Olimpiya atıcılıq növü olan dairəvi stend atıcılığı yarışında Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan təmsilçiləri mübarizə apardılar.

Rusiya atıcıları Svetlana Demina qızıl, Olga Panarina gümüş və Böyük Britaniya təmsilçisi Yelena Allen bürünc medala sahib oldular. Yarışda Azərbaycan idmançıları Olimpiya çempionu Zemfira Meftaxetdinova 9–cu və dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, "Qəbələ" Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova 8-ci nəticə göstərdilər.

Xatırladaq ki, ümumi mükafat fondu 81 min ABŞ dolları olan yarışlarda 150–yə yaxın idmançı dairəvi və səngər stend Olimpiya atıcılıq növləri üzrə mübarizə aparır.

Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ilk beynəlxalq turnirdir.

Turnir avqustun 21-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə