"Philips" şirkəti orta statistik əhalinin böyük səbirsizliklə gözlədiyi ixtiraları müəyyən etmək üçün sorğu keçirib. Bununla bağlı Böyük Britaniyada min nəfərin fikri öyrənilib.
Sorğunun nəticələrindən məlum olub ki, respondentlərin üçdə ikisi qarşıdakı 100 ildə insanı istənilən xəstəlikdən xilas edəcək "universal həb"in yaradılmasını arzuladığını bildirib. İştirakçıların 20 faizi tibdə mühüm nailiyyətlərin əldə olunması naminə kompyuter, televizor və qulaqcıqlardan imtina etməyə razı olduğunu söyləyiblər. Digər bir qisim isə qadjetlərdən imtina etməyə hazır olmadığını, lakin saç tökülməsinin, dazlaşmanın əleyhinə effektiv vasitələrin yaradılacağına ümid etdiklərini deyiblər.
Respondentlərin cəmi 2 faizi evlərində köməkçi-robotların xidmətindən istifadə etmək istədiklərini bildirmişlər. İştirakçıların bəziləri isə insanı müxtəlif dövrlərə apara biləcək zamanın maşınının yaradılmasını arzulayırlar. Arzu edilən innovasiyalar içərisində avtopilotla təchiz edilmiş maşınlar da yer alıb. Əgər nəzərə alsaq ki, bu kimi aparatlar hazırlanma mərhələsindədir və artıq küçələrdə peyda olur, o zaman bu "sifariş"in digərlərindən daha asan yerinə yetiriləcəyini demək olar.
Sorğu iştirakçılarından, həmçinin ötən əsrdə yaradılmış hansı ixtiraların daha mühüm olduğunu söyləmək də xahiş edilib. Birinci yerdə gözlənildiyi kimi internetin, ikinci yerdə isə laparoskopiyanın (müasir cərrahiyyə üsuludur, əməliyyat daxili orqanlarda kiçik dəlik vasitəsilə aparılır) adı çəkilib. Respondentlərin 33 faizi elektrik kardiostimulyatorunu vacib ixtira adlandırmışlar. Beşliyə smartfon və televiziya da daxil olub.
Müşahidəçilər sorğunun nəticələrini maraqla qarşılayıblar. Qeyd edilib ki, hər iki halda iştirakçılar öz seçimlərini sağlamlıqla əlaqəli olan ixtira və texnologiyaların üzərində saxlayıblar. Belə bir ciddi tələbat həyat səviyyəsinin artırılması, ətraf mühitdəki dəyişikliklər və insanların öz sağlamlığına ayırdığı diqqət artımı ilə izah olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB