Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyana ofisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.
Xarici İşlər Nazirliyindən bildiriblər ki, tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, Lyublyana şəhərinin meri, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ARDNŞ-in Avstriyadakı ofisinin nümayəndələri, Azərbaycan Silahlı Qüvvələrinin Sloveniyadakı hərbi attaşesi Kamil Quliyev və eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Qalib İsrafilov ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda mübarizəsindən, 1991-ci ildə müstəqilliyinin bərpasından sonra respublikamızda gedən proseslərdən və əldə olunmuş nailiyyətlərdən danışıb.
Daha sonra Azərbaycan-Sloveniya münasibətlərinin inkişaf etdirilməsi istiqamətində xidmətlərinə görə 10 nəfər Sloveniya vətəndaşına səfirliyin təltif diplomu verilib.
Tədbirin bədii hissəsində gənc musiqiçi Çingiz Mustafayev tarda Rizvan Əliyevin müşayiəti ilə Azərbaycan və dünya bəstəkarlarının mahnılarını səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB