Çimərlikdə kitabxana...

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əksər sakinləri və qonaqları vaxtlarının çox hissəsini çimərlikdə keçirir. Yerli hakimiyyət bu növ istirahətin intellektual inkişafa xidmət etmədiyindən İran körfəzi sahilində kütləvi kitabxanalar açmaq qərarına gəlib. Belə ki, "National" qəzetinin məlumatına görə, günəş və qum həvəskarları bundan sonra kitablarını evdə unutduqlarına görə narahat olmaya bilərlər, çünki hazırda onlara xüsusi çimərlik kitabxanaları xidmət göstərir.

Hamının oxucu abunəçisi olması üçün imkanın yaradıldığı ilk belə kitabxana paytaxt Əbu-Dabinin mərkəzində yerləşən ailəvi çimərlikdə açılıb. Kitabxana rəflərində xüsusi yeri BƏƏ-nin tarix və mədəniyyətinə aid kitablar, avtobioqrafik nəşrlər, fotoşəkilli albomlar tutur, eləcə də dünya ədəbiyyatının ən yaxşı nümunələri, uşaqlar üçün kitablar yer alıb. Bundan başqa, oxuculara ən müasir kompyuter və planşetlərdən istifadə üçün şərait yaradılıb.

Əbu-Dabi bələdiyyəsinin nümayəndəsi Adil əl-Rabia bildirib ki, rəyi soruşulanların 90 faizi belə kitabxanaların yaradılması ideyasını dəstəkləyiblər. Kitabxananın yerində əvvəllər mağaza olub ki, onların da sayı ölkədə milyonlarcadır. İndi insanlar günəş altında qaralmaqla yanaşı, kitab da oxuyacaqlar. Məlumata görə, BƏƏ hakimiyyəti bu kitabxanaların böyük şəbəkəsini yaratmağı nəzərdə tutur. BƏƏ mədəniyyət naziri şeyx Nəhyan bin Mübarək əl-Nəhyan deyib: "İnsanlar informasiyaya çıxış imkanı əldə etməli və istənilən vaxtda və istənilən yerdə öz biliyini artırmaq imkanına malik olmalıdır. Biz müasir informasiya cəmiyyətini inkişaf etdiririk və hər yerdə təhsil mərkəzləri açacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə