Viktor Sadovniçi Kanar adalarında nəhəng teleskop inşa etmək niyyətindədir

Viktor Sadovniçi Kanar adalarında nəhəng teleskop inşa etmək niyyətindədir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi Kanar adalarında 60 metrlik nəhəng teleskop inşa etmək planlarından danışıb. Tikintisi baş tutarsa, bu teleskop yerüstü teleskopların ən böyüyü olacaq. Onun vəzifəsi Yer kürəsinə oxşayan ekzoplanetləri axtarıb tapmaq olacaq.

MDU-nin Kosmik Monitorinqlər Laboratoriyasının direktoru Vladimir Lipunov deyib ki, yeni teleskop Rusiya, İspaniya və ola bilsin, İsveçrə və Almaniyanın birgə səyləri ilə inşa ediləcək. Bu zaman Rusiya astronomları müşahidə vaxtının dörddə bir hissəsinə nəzarət edəcəklər.

Bu alət ölçüsünə və gücünə görə bütün mövcud teleskopları, o cümlədən Çilidə yerləşdiriləcək Avropa ölkələrinə məxsus Çox Böyük Teleskopu (E-ELT) və 25 metrlik Magellan teleskopunu geridə qoyacaq.

Moskvada yerləşən Ştenberq adına Dövlət Astronomiya İnstitutunun əməkdaşı Sergey Popov deyib: "Astronomlar yeni alətə həmişə şaddırlar və istifadəsinə həmişə imkan tapırlar, çünki gecələr səmada müşahidə olunası saysız-hesabsız obyekt var".

Lakin alimlərin bu planlarla bağlı fikirləri haçalanır. Bəzi astronomlar hesab edirlər ki, bu dərəcədə irimiqyaslı şəxsi rəsədxananın inşası özünü doğrultmayacaq, əvəzində Avropa Cənub Rəsədxanasına (ESO) qoşulmaq daha məqsədəuyğun olardı.

Avropa Cənub Rəsədxanası ilə əməkdaşlıq barədə danışıqlar 2006-cı ildən aparılır. Danışıqlar alınsaydı, Rusiya astronomlarının heç də az əhəmiyyət daşımayan bır sıra başqa güclü teleskoplardan, o cümlədən Çilidəki "Çox Böyük Teleskop"dan (VLT) istifadə etmək imkanı olardı.

Lakin məsələ bundadır ki, ESO-ya üzvlük çoxlu pul tələb edir: Layihəyə qoşulmağa görə Rusiyadan 130 milyon avro haqq üstəgəl 13 milyon avro illik abunə pulu tələb olunur.

Rusiya hökumətinin həmin vəsaiti ayırıb-ayırmamaq məsələsini həll etdiyi bir vaxtda bəzi tədqiqatçılar bildirirlər ki, həmin vəsait qismən Rusiyaya məxsus obyektin inşasına xərclənməlidir.

V.Lipunov deyib: "Belə bir ideya var ki, həmin vəsait ölkədə qalsın və Rusiya zavodlarından birində 60 metrlik teleskopun inşasına xərclənsin, daha sonra həmin teleskop Kanar adalarına aparılsın".

Rusiya Elmlər Akademiyasının Xüsusi Astrofizika Rəsədxanasının direktoru Yuri Baleqa inşaat işlərinin icrası müddətinə şübhə ilə yanaşır.

Alim hesab edir ki, belə alət dövlətə 3 milyard avroya başa gələcək. Belə bir obyektin inşasına başlamaq üçün hazırda Rusiyanın nə zəruri texnologiyaları, nə energetikası, nə də vəsaiti yoxdur.

Y.Baleqa deyib: "Hətta bunun üçün hər imkanımız olsaydı belə, bu cür fantastik teleskop yalnız 20-25 il ərzində tikilə bilər".

Rusiyanın aparıcı astronomları bildirirlər ki, ölkənin elmi ictimaiyyəti kosmosun tədqiqinin inkişafında qabaqcıl ölkələrdən bir qədər geri qalır.

Buna görə, əvvəlcə irimiqyaslı Avropa layihəsinə qoşulmaq, daha sonra şəxsi təşəbbüsləri həyata keçirmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə