Berluskoni aprelin 28-dən etibarən qocalar evində işə başlayacaq MƏHKƏMƏ QƏRARI
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni maliyyə fırıldağı və vergidən yayınmaqda ittiham olunaraq, məhkəmənin qərarına əsasən, aprelin 28-dən başlayaraq qocalar evində xidmətçilik edəcək. SİA "İtar-Tass" agentliyinə istinadən xəbər verir ki, artıq 77 yaşlı eks-baş nazir ötən gün ona qarşı irəli sürülmüş məhkəmə qərarı ilə tanış olub. Qərara əsasən, o, Milan yaxınlığında fəaliyyət göstərən qocalar evində bir il müddətində işləməli olacaq. Belə ki, İtaliya qanunlarına görə, yaşlı insanlar həbsxana həyatını ya ev dustaqlığı, ya da sosial-ictimai xidmət müəssisələrində əvəz edirlər.
Məlumatda o da bildirilir ki, Berluskoni bu müddət ərzində İtaliya ərazisini tərk edə bilməməklə yanaşı, saat 23:00-dan, səhər saat 6:00-a qədər evdən çölə çıxa bilməz. Lakin o, həftədə iki dəfə (çərşənbə və cümə axşamı günləri) Romada yeləşən Qrasioli sarayındakı rezidensiyasında yaşaya bilər. Məhkəmə qərarında həmçinin göstərilib ki, keçmiş baş nazir boşadığı arvadı Veronika Larioya ayda 1,4 milyon avro məbləğində aliment ödəməlidir.
İctimai işlərə gəlincə, Berluskoni 9 ay müddətində, həftədə bir dəfə 4 saat olaraq yaşlı və əlil insanlara xidmət edəcək. Keçmiş baş nazir isə öz növbəsində bildirib ki, onun üzərinə qoyulmuş məsuliyyətdən "qürur hissi" keçirir, ancaq məhkəmənin qərarı ədalətsizdir.
Ancaq onun siyasətlə məşğul olmasına və seçkilərdə iştirakına qoyulmuş qadağaya rəğmən, Berluskoni bəyan edib ki, o, yaxın zamanlarda Avropa Parlamentinə keçiriləcək seçkilərdə rəhbəri olduğu "İrəli, İtaliya" partiyasından olan namizədlərin dəstəklənməsi istiqamətində əlindən gələni əsirgəməyəcək, partiyadaşlarına dəstək olacaq.
Xatırladaq ki, 2013-cü ilin 1 avqust tarixində İtaliyanın kassasiya məhkəməsi (ölkənin ən ali məhkəmə instansiyası) Berluskoniyə rəhbəri olduğu "Mediaset" kompaniyasındakı maliyyə fırıldağına və vergidən yayınma hallarına görə 4 il iş kəsmişdi. Lakin amnistiya nəticəsində bu müddət 1 ilə endirilmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB