Yerli kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, Yaponiyanın böyük yakuza mafiyasının "Yamaquti-qumi" sindikatı öz imicini yapon ictimaiyyətinin gözündə qaldırmaq üçün internet saytı yaradıb.
Mafiya bosslarını bu addımı atmağa son illər qrup üzvlərinin sayının durmadan azalması məcbur edib. Yaponiya Mərkəzi Polis İdarəsinin yaydığı məlumata görə, 2013-cü ildə kriminal sindikatın üzvlərinin sayı 1992-ci ildən bəri ən az həddə enib. Buna, eyni zamanda, yapon qanunvericiliyinin ilbəil yakuzaların həyatını çətinləşdirməsi səbəb olub. Hökumətin atdığı bu addımlara cavab olaraq, "Yamaquti-qumi" yapon mafiyasının yalnız cinayətkar fəaliyyətlə məşğul olmadığını göstərmək qərarına gəlib.
Qrupun yeni saytında qrupun tarixinin "şərəfli" səhifələri əksini tapıb. Məsələn, burada Yaponiyanın şimal-şərqində 2011-ci ildə baş vermiş zəlzələ və sunami zamanı qrup üzvlərinin dağıntıları təmizləməsi və zərərçəkənləri xilas etməsi barədə fotolar yerləşdirilib. Saytda, həmçinin qrupun "Güclü həmişə ədalətsizliyə qarşı mübarizə aparmalı və zəiflərə yardım etməlidir" fəlsəfəsi əks olunub. Nəhayət, sayt yapon ənənəvi musiqi janrı enkada yazılmış mahnı ilə başa çatır.
Yaponiyada bir çox yakuza qrupları polisin ciddi nəzarəti altında olmaqla, leqal fəaliyyət göstərirlər. Qanqsterlərin liderləri də əsasən, şirkətlərin prezidentləri və ya ultrasağ təşkilatların rəhbərləri kimi açıq fəaliyyətdədirlər. Yakuzaların 46 faizi "Yamaquti-qumi" qrupuna daxildir. Bundan sonra "Şumiyoşi-kay" və "İnaqava-kay" cinayətkar qrupları gəlir. Bu üçlük birlikdə yakuzaların 70,5 fazini birləşdirir. Yaponiyanın cinayət dünyasının gəlirləri reketçilik, ehtiraslı oyunlar, seks və narkotiklər sənayesi, silah alveri və maliyyə maxinasiyaları əsasında formalaşır. Yakuzalar, həmçinin Yaponiyada ən çox korrupsiyalaşmış sahə hesab edilən tikinti biznesi ilə də əlaqəlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB