İqlim dəyişmələri ciddi təhlükə mənbəyidir

İqlim dəyişmələri ciddi təhlükə mənbəyidir

İokohamada BMT-nin iqlim dəyişmələri üzrə hökumətlərarası ekspert qrupunun (İPCC) məruzəsi yayılıb. Məruzədə göstərilir ki, Yer kürəsində baş verən iqlim dəyişmələri insanların sağlamlığı, iqtisadi inkişaf, habelə su və ərzaq təchizatı üçün ciddi təhlükə mənbəyidir.

İPCC-nin məruzəsində cəmiyyətin iqlim dəyişmələrinə uyğunlaşması və zərərli tullantıların miqdarının azaldılması yolları barədə ətraflı məlumat verilir.

İokohama görüşündə İsveçi təmsil edən nümayəndə, İsveç Hidrometeorologiya İnstitutunun (SMHİ) əlaqələndiricisi, iqlim araşdırmaları üzrə mütəxəssis Lars Berrinq jurnalistlərə müsahibə verib. O, iqlim dəyişmələrinin İsveçə və ümumiyyətlə insanların sağlamlığına təsiri barədə danışıb.

Berrinq deyib: "İqlim dəyişmələri İsveçə həm birbaşa, həm də dolayı yolla - başqa ölkələrdə və regionlarda baş verən dəyişikliklər vasitəsilə ticarətə, qlobal iqtisadiyyata, insanların miqrasiyasına təsir göstərir".

Lars Berrinq iqlim dəyişmələrinin insanların sağlamlığına təsirinin konkret nümunələri kimi İsveç ərazisində gənələrin və onlarla birlikdə gənə ensefaliti hallarının yayılmasını qeyd edib. Bundan əlavə, yay vaxtı İsveçdə havaların bu ölkəyə xas olmayan dərəcədə isti keçdiyi günlərdə ahıl və ya immuniteti zəif olan insanların səhhətinin pisləşməsi də iqlim dəyişmələri ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə