Çingiz xanın qəbrinin İssık-Kul gölünün dərinliklərində olduğu ehtimal edilir

Çingiz xanın qəbrinin İssık-Kul gölünün dərinliklərində olduğu ehtimal edilir

Qırğızıstan mətbuatının yazdığına görə Çingiz xanın qəbrinin İssık-Kul gölünün dərin qatlarında olduğu ehtimal edilir.

Məqalədə deyilir ki, Tyan-Şan dağlarının arasında, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə olan İssık-Kul gölü turistlərlə bərabər xəzinə axtaranları da özünə cəlb edir. Əfsanəyə görə gölün dərinliyində zəngin xəzinə gizlədilib. Çingiz xanın qəbrinin də burada olduğu haqqında fikirlər mövcuddur. Çingiz xan Monqolustanın Ordos şəhərində dəfn edilsə də, bir çox alimlər bunun həqiqəti əks etdirmədiyi qənaətindədirlər. Onların fikrincə Çingiz xan vəfat etdikdən sonra onun nəşini böyük bir xəzinə ilə İssık-Kula gətiriblər. Fərziyyəyə görə Çingiz xanın oğlu Cığatay dünyada ən möhkəm ağac olan arçadan tabut hazırlatdırıb, bir müddət onu mağarada saxlayıb, sonra isə ləl-cavahiratlarla birlikdə İssık-Kulun sularında batırıb.

Bir sıra alimlər 1218-ci ildə Çingiz xanın ordusundan qaçan 20 dəvə yükündə olan qiymətli əşyalardan ibarət xəzinənin də İssık-Kulun dərin qatlarında olduğu qənaətindədirlər. Göldə batmış şəhərlərin olduğu haqqında elmi fikirlər də mövcuddur.

Arxitektorlar gölün sahillərində 2 min il bundan əvvəlki dövrə aid çoxlu tikililər aşkar ediblər.

Materialda deyilir: "Təəssüf ki, sualtı abidələr indiyədək tədqiq edilməyib. Elm aləmində "Mərkəzi Asiyanın Atlantidası", "Böyük İpək Yolunun açılmamış sirri" adlandırılan İssık-Kul gölü öz dərinliklərində bəlkə də qədim şəhər və qalaların sirrini saxlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə