İş adamı falçını öldürdü

Rusiyalı iş adamı falçını öldürüb. SİA xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Moskvada baş verib.

Xəbərdə deyilir ki, adı açıqlanmayan iş adamı biznes işlərinin yaxşı getməsi üçün falçıya müraciət edir. Falçı da öz növbəsində tilsimləri qırmaq məqsədilə bütün ailə üçün xüsusi mərasimlər tövsiyə edir. Hər sehirli seans üçün zinət əşyaları tələb edən falçı həmçinin evi üçün bahalı avadanlıqlar da tələb etməyi unutmur.

Aparılan araşdırmalara görə, bir müddətdən sonra iş adamının evinə israrla zəng etməyə başlayan falçı evin xanımını qorxudaraq bildirir ki, həyat yoldaşı bütün biznesi öz əlinə keçirməklə onun ölümə sürükləmək istəyir.

Bununla da ailədə münaqişələr artmağa başlayır və bir neçə aydan sonra ər-arvad ayrı yaşamağa qərar verir. Bunu bilən ailə başçısı falçıya zəng edərək onları rahat buraxmağı tələb etsə də, falçı onu və ailəsini təhdid etməkdən çəkinmir. Sonda səbr kasası daşan iş adamı birbaşa falçının evinə gələrək onunla dalaşır. Münaqişə nəticəsində psixoloji gərginlik keçirən biznesmen falçını öldürür.

Hazırda iş məhkəmədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə