Həkimlər xəbərdarlıq edirlər ki, insan sağlamlığı üçün ciddi təhlükə yaradan yüksək dispersiyalı toz atmosferdə Avropa İttifaqında qüvvədə olan normadan xeyli yuxarıdır. Son məlumatlara görə, ürək xəstəlikləri riski hətta havanın az çirklənməsi fonunda belə əhəmiyyətli dərəcədə artır.
Beynəlxalq tədqiqatçılardan ibarət alimlər heyəti "British Medical Journal" dərgisində son tədqiqat işlərinin nəticələrini dərc etdiriblər. Onların fikrincə, uzun müddət ərzində yüksək dispersiyalı toz ilə çirklənib və yüklənmiş havada nəfəs alan insanlarda ürək infarktı riski xeyli artıb. Tədqiqatçı alimlər Almaniya, Finlandiya, İsveç, Danimarka və İtaliyadan təxminən 100 min insan üzərində müşahidələr aparıblar.
Ümumilikdə 11 il beş ay davam edən müşahidələr zamanı müəyyən edilib ki, iştirakçıların orta hesabla 5157 nəfəri infarkt, sinə hissəsində şiddətli ağrılar və ya qeyri-sabit angina pectoris ilə bağlı həkimə müraciət ediblər.
Alimlər araşdırmalarında diqqətə çatdırırlar ki, yüksək dispersiyalı toz kiçik hissəciklərdən ibarət olub ağciyərə və qismən ağciyər qovuqcuqlarına daxil olaraq insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu hissəciklər isə əsasən avtomobillərin, tüstü bacalarının və zavodların ətrafa buraxdıqları qaz tullantılarından, habelə istismar dövrünü başa vurmuş şinlərdən əməl gəlir.
Tədqiqatın nəticələrinə görə, bu hissəciklər bir kubmetr hava kütləsində 10 mikroqramdan artıq olmamalıdır, əks halda ürək xəstəlikləri riski təxminən 13 faiz artır.
"Bizim araşdırmaların nəticələri göstərir ki, yüksək dispersiyalı tozun hissəcikləri ilə yüklənmiş atmosfer insan sağlamlığı üçün həyəcan təbili çalır. Bizim səylərimiz bu hissəciklərin havada normadan yuxarı olmamasının qarşısını almaqdır", - deyə tədqiqatda iştirak etmiş Almaniyanın Münhen şəhərində Helmholts Mərkəzinin nəzdində fəaliyyət göstərən İkinci Epidemiologiya İnstitutunun əməkdaşı Annette Peters bildirib.
Avropa İttifaqında 2008-ci ildən qüvvədə olan yüksək dispersiyalı tozla çirklənmə limitinin illik həcmi hər kubmetr hava kütləsi üçün 25 mikroqram təşkil edir. Dünya Sağlamlıq Təşkilatı isə bunun tam əksinə olaraq hədd həcmini on mikroqram tövsiyə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB