Üzlərini gizlətməyi qadağan etdilər

Üzlərini gizlətməyi qadağan etdilər

2014-cü ildə Soçidə keçiriləcək Olimpiya Oyunları yarışlarında davranış qaydaları barədə məlumat Olimpiadanın rəsmi saytında dərc edilib. Tamaşaçılara həm öz biletlərinin həm mehmanxanada qaldıqları nömrələrin qeydinə qalmaq, həm də idman obyektlərində davranış qaydaları ilə tanış olmaq tövsiyə edilir.

Məsələn, stadionlara silah və təhlükəli əşyalar, siqnal fişəngləri, fayerlər (tüstülü şaşkalar), petardalar gətirmək qadağandır. Azarkeşlər idmançıları yalnız şeypur və tütək səsləri ilə dəstəkləyə bilərlər. Banner və bayraqların ölçüləri isə 2x1,5 metrdən çox olmamalıdır.

Tamaşaçılar özləri ilə qabarit ölçüləri 50x50x50 santimetrdən çox olmayan qatlama stullar və çantalar götürə bilərlər. Məxsusi qeyd olunur ki, şəxsi istifadə üçün fotoşəkillər çəkərkən gözqamaşdırıcı işıq, lazer şüası və ya güclü səs-küy yaradan qurğulardan istifadə etməmək tövsiyə olunur.

Bannerlərdən, plakatlardan, transparantlardan və digər əyani təşviqat vasitələrindən istifadə etməklə başqa şəxsləri təhqir etmək, eləcə də başqasının şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna zərər vuran, yaxud nifrət və ya düşmənçilik hissləri oyatmağa, cinsi, irqi, milli mənsubiyyət, dil, mənşə, dinə münasibət əlamətlərinə görə ayrıca bir şəxsin və ya şəxslər qrupunun ləyaqətinin alçaldılmasına yönəlmiş başqa hərəkətlər etmək, öz sifətini gizlətmək, o cümlədən maskalardan istifadə etmək qadağandır.

İdman obyektində velosiped sürmək, qumar oyunları oynamaq, hətta olimpiadanın təşkilat komitəsi tərəfindən icazə verilməmiş reklam aksiyaları keçirmək, ianələr barədə xahişlərlə müraciət etmək, həmçinin küçə müğənnilərinin və musiqiçilərinin çıxışları qadağan edilib.

Spirtli içkiləri olimpiya obyektlərinin yanında yerləşən kafe və restoranlarda qəbul etmək olar. Soçidə bütün idman qurğuları və olimpiya parkının ərazisi siqaret çəkilməyən zona elan edilib.

Tamaşaçıların tribunalara özləri ilə qida məhsulları və içkilər gətirməsi də tövsiyə olunmur. Bu qayda yarışların keçirildiyi yerlərdə alınan məhsullara və içərisində uşaq qidası olan şüşələrə şamil edilmir.

Bu qaydaları pozan şəxslər olimpiya obyektindən kənarlaşdırılacaq. Ayrı-ayrı hallarda azarkeşin pasportu və ya akkreditə sənədi əlindən alına bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə