Dünya Yeni ili belə qarşılayır SORĞU-FOTOLAR

Dünya Yeni ili belə qarşılayır SORĞU-FOTOLAR

Artıq bütün dünya Yeni ili qarşılamağa hazırlaşır. Əslində, Yer kürəsinin istənilən nöqtəsində insanlar Yeni ili eyni ümidlərlə, xoş arzularla gözləsələr də, bu bayramı hər ölkə öz adət-ənənəsinə uyğun qarşılayır. Yeni ili hansı ölkələrin necə qarşıladığını SİA oxucularına təqdim edirik:

Avropa ölkəsi olan Fransada Şaxta baba "Per Noel", yəni "Noel ata" adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Alınan hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

Qrenlandiya yeni ildə eskimosları bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti belə hədiyyələri uzun müddət saxlamağa imkan verir.

Şotlandlar isə yeni il gecəsi məşəl yandıraraq pis ruhları qovmaq üçün əllərində alovla gəzirlər. Onlar bayram gecəsi edilən evlilik təklifinin uğursuzluq gətirəcəyinə, yeni ildə evə ilk girən şəxsin isə özü ilə uğur və ya kədər gətirəcəyinə inanırlar. Əgər bu adam tünd saçlı və əli hədiyyəlidirsə ev sahibləri onları qarşıda uğurlu il gözlədiyinə inanırlar.

Yeni il İsveçrədə də maraqlı qarşılanır. Belə ki, İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı sayılan ata zibil atmaq bəhanəsi ilə evdən çıxır, "Yul Tomten" (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.

İtaliyalı uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun Befan nənə adlandırırlar. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da, Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə illə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz, ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır. Bu baxımdan evin bütün əşyaları dəyişdirilir.

Yeni il Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda olması ilə başlayır. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır, evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə, ilin necə keçəcəyi içəri daxil olan adamın görkəmindən və ilk işlədəcəyi sözdən çox asılıdır.

İngilislər sarışın və əsmər qadınların Yeni il günü ilk qonaq olmasını arzuolunan saymırlar. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Çatmaqaş adamın içəri girməsi isə faciə kimi qiymətləndirilir və həmin dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

İslandiyada isə bütün dekabr ayı boyunca kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr, yeni il daha bərəkətli olacaq.


Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta babası Youlupukkidir.

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına üzüm yeməyə yığışır. Bu həm də kütləvi şəkildə baş verir. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu ona görədir ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

Hindistan
Zəngin və qədim adət-ənənələri olan Hindistanda yeni il fərqli şəkildə qeyd edilir. Yeni ildə zənginlik və gözəl bir gələcək gətirəcəyinə inandıqları tanrı lakshmiyə ibadət etmək və hər yerdə işıqlar yandırmaq hindlilərin adətidir.

Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan tapsan, il xoşbəxtlik içində keçəcək.

Yaponiyada isə bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Yaponlar ilin sonuncu günündə "Oshogatsu" festivalı keçirilir. Burada evlər təmizlənir və müqəddəs sayılan əşyaların köməyi ilə oradakı pis ruhlar qovulur. Dekabrın 31-də insanlar diləklərini taxta lövhələrə yazaraq həyətdə ipdən asırlar. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.

Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını deyirlər və buna görə də bütün ailələrdə səhərədək çal-çağır olur.

Bütün xəbərlər Facebook səhifəmizdə