“Selfie” neologizmi 2013-cü ilin sözü hesab edilib

“Selfie” neologizmi 2013-cü ilin sözü hesab edilib

İngilis dilinin Oksford lüğətini tərtib edənlər "selfie" neologizmini 2013-cü ilin sözü hesab ediblər.

Linqvistlər bu terminə belə tərif veriblər: insanın özünün, bir qayda olaraq, smartfon və ya veb-kamera vasitəsilə çəkdiyi və sosial şəbəkələrdə yerləşdirdiyi fotoşəkli.

Bu termin ilk dəfə 2002-ci ildə işlədilib. Lakin rəqəmsal fotoqrafiya geniş yayılandan sonra həmin termindən daha geniş istifadə edilir.

Lüğətin redaktorları tərəfindən aparılmış hesablamalar göstərib ki, "selfie" sözü işlədilmə tezliyi keçən ildəkinə nisbətən 17 min faiz artıb. 2013-cü ilin avqust ayında həmin termin Oksford lüğətinin onlayn versiyasına daxil olunub. İndi "selfie" sözünü lüğətin ənənəvi versiyasına daxil etmək məsələsi nəzərdən keçirilir.

Oksford lüğəti hər il ən yaxşı neologizmə mükafat təqdim edir. Keçən il həmin mükafata "omnishambles" sözü (latın dilində "omni" – "tam, bütün" və ingilis dilində "shambles" – "tam qarmaqarışıqlıq" sözlərindən) layiq görülmüşdü. Bu sözün mənası "xilas olmaq perspektivi çox dumanlı olan çətin vəziyyət" deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə