Satıcı-android işə başlayır

Oktyabrın 30-da Yaponiyanın Osaka şəhərindəki "Takeşimaya" supermarketində Minami adlı satıcı-android işə başlayıb. Canlı insana həddindən artıq bənzəyən bu qız təmiz danışığı, gözəl hərəkətləri və üzünün xoş mimikası ilə diqqəti cəlb edir.

Boyu 160 santimetr, üzdən təqribən 25-26 yaşı olan Minami adi yapon qızlarına çox bənzəyir. Yaxınlıqda yerləşən sensor lövhə vasitəsilə idarə olunan bu qız qadın trikotajı şöbəsində çalışır və alıcılara təqdim olunan malların keyfiyyəti haqqında məlumat verir. Hətta o, sizə hansı rəngin yaraşacağı barədə məsləhət də verə bilər.

Minami Osaka Universitetinin professoru Hiroşi İşiquronun rəhbərlik etdiyi alimlər qrupu tərəfindən hazırlanıb. H.İşiquronun bildirdiyinə görə, məqsəd yalnız çoxfunksiyalı mükəmməl robotların hazırlanması deyil, həmçinin insanlar tərəfindən androidlərin fəaliyyətinin necə qəbul olunmasının aydınlaşdırılmasıdır.

Minami əvvəllər də iki dəfə "Takaşimaya" supermarketində olub. O, alıcı kimi buraya gələrək digər alıcılarla ünsiyyət yaradıb.

Satıcı-android noyabrın 12-dək supermarketdə alıcılara xidmət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə