Dünyanın ən uca boylu insanı evləndi

2 metr 51 santimetr boyu ilə dünyanın ən uzun adamı kimi Guinness Rekordlar Kitabına düşən türkiyəli Sultan Kosanın dünən toy mərasimi baş tutub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən toy mərasimi Türkiyənin Mardin ərazisində yerləşən Mova Park Toy Salonunda 3 min qonağın müşayiəti ilə baş tutub. Qonaqların arasında Mardin valisi Əhməd Çingiz, bölgənin tayfa liderləri, siyasətçilər o cümlədən bir sıra əcnəbi jurnalistlərin olduğu deyilir. "Nəhəng adam" kimi tanınan Sultan Kosa media nümayəndələrinə müsahibəsində ailə həyatı qurduğu Suriya əsilli Merve Dibonu sevdiyini və həyatının "sevgisini" tapdığı üçün olduqca xoşbəxt olduğunu dilə gətirib: "Mən çox həssas insanam, hətta indi xoşbəxtlikdən ağlaya da bilərəm. Ən böyük xəyalım evlənib, bir isti yuvaya sahibi olmaq idi. Şükürlər olsun ki, illər sonra axtardığım eşqi və sevgini tapdım. İndi tam əminliklə deyə bilərəm ki, dünyanın ən xoşbəxt insanı mənəm".

20 yaşlı gənc gəlin Merve də dünyanın ən uca boylu insanı ilə ailə həyatı qurduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib. Toy mərasimi türk, kürd və ərəb mahnılarının müşayiəti ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə