60 yaşından yuxarı insanların hər beş nəfərindən biri psixi və ya nevroloji pozğunluqlardan əziyyət çəkir
Bir gün əvvəl Ümumdünya Psixi Sağlamlıq Günü keçirilmişdir. Bununla əlaqədar BMT-nin baş katibi Pan Gi Mun öz müraciətində yaşlı adamların nevroloji və psixi əziyyətlərinə diqqəti cəlb edib. O, bu problemlər barədə məlumatı artırmağa və bu pozğunluqları aradan qaldırmağa çağırıb.
Pan Gi Mun qeyd edib ki, bəşər ailəsi qocalır – yüzilliyin ortalarında yaşı 60-dan çox olan əhalinin sayı ikiqat artacaq: "2000-ci ildə yaşlı insanların sayı 605 milyon nəfərdən bir qədər çox idi, 2050-ci ildə isə onların sayı 2 milyarda çatacaqdır.
Yaşlı nəsildən müdrikliyi və səmimiliyi öyrənmək hamımızın xeyrinədir. Bir çoxları qocalıqda daha məhsuldar işləyib arzularına çatmağa çalışsa da, yaşı 60-dan çox olan şəxslərin hər beş nəfərindən biri demensiya və depressiya kimi psixi və nevroloji pozğunluqlardan əziyyət çəkir".
O qeyd edib ki, tibb işçiləri və yaşlı insanların özləri çox vaxt psixi sağlamlıqla bağlı problemlər barədə düşünmürlər. Ən pisi odur ki, insanlar bəzən utandıqlarına görə yardım üçün müraciət etmirlər.
Bu il Ümumdünya Psixi Sağlamlıq Günü çərçivəsində yaşlı şəxslərə xüsusi diqqət yetirildiyinə görə BMT-nin başçısı insan həyatının bütün mərhələlərində - körpəlikdə, uşaqlıqda, yeniyetməlikdə, orta və ahıl yaş dövrlərində onun tibbi xidmətə və sosial yardıma olan tələbatını nəzərə almağa çağırıb.
BMT-nin başçısı psixi pozğunluqlardan əziyyət çəkən insanlara, ələlxüsus da daim diqqətə ehtiyacı olan yaşlılara kömək göstərilməsi sahəsində səyləri gücləndirməyə çağırıb: "Bu insanlara qayğı bütün cəmiyyətin xeyrinə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB