Beynəlxalq İdman Günü də elan edildi

Beynəlxalq İdman Günü də elan edildi

BMT-nin Baş Məclisi aprelin 6-nın Beynəlxalq İdman Günü kimi qeyd olunması barədə yekdilliklə qərar qəbul edib.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roge və dünyanın birinci raketkası, serbiyalı tanınmış tennisçi Novak Cokoviç Baş Məclisin iclasında iştirak ediblər.

J.Roge qətnamənin qəbul edilməsi münasibətilə çıxış edərək vurğulayıb ki, BOK ilə BMT arasında idman sahəsində əməkdaşlıq ənənələri çoxdan mövcuddur. Həmin ənənələrin əsası 1952-ci ildə, UNESCO təhsil vasitəsi kimi idmanın təbliği istiqamətində ilk kampaniyasını keçirməyə başlayan zaman qoyulub.

N.Cokoviç bildirib ki, kiçik bir ölkədə doğulub böyüsə də, məhz idman sayəsində böyük uğurlar qazanmış və dünyanın bir çox ölkələrində olub.

İdmançı əmindir ki, idman insanın xarakterini möhkəmləndirmək üçün ən yaxşı vasitədir: "Ümidvaram ki, Beynəlxalq İdman Gününün təsis edilməsi hər birimizin öz səylərini idmanın təmiz oyun, komandada yekdillik, rəqibə hörmət kimi əsas dəyərlərinin formalaşdırılmasına yönəltməsi üçün əsas olacaqdır. Bu, universal keyfiyyətdir".

Qətnamədə vurğulanır ki, onun BMT sistemi çərçivəsində həyata keçirilməsi ilə bağlı bütün xərclər dünya birliyi üzvlərinin könüllü ianələri hesabına həyata keçiriləcək. Belarus, Gürcüstan, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya və Makedoniya qətnamə layihəsinin sponsorları sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə