Bu həftə işgüzar adamlarını hansı yeniliklər gözləyir?

Bu həftə işgüzar adamlarını hansı yeniliklər gözləyir?

QOÇLAR hər işdə çox ehtiyatlı olmalıdırlar. Biznesiniz və müqavilələriniz təhlükə altındadır. Bütün məsələləri bir oturuma həll etməyə çalışmayın. Mənfi hisslərin sizə hakim kəsilməsinə yol verməyin. İşlərinizin səliqəli vəziyyətdə olması və qətiyyətiniz bütün maneələri aradan qaldırmağa kömək edəcəkdir.

BUĞALAR bu həftə mümkünsüz olanı mümkün edəcəklər. Planetlərin düzülüşü yeni və cəlbedici imkanlar açacaqdır. Yalnız vəziyyətə uyğun hərəkət etməlisiniz. Cəsarətlə qarşınıza yüksək məqsədlər qoya bilərsiniz.

Səhvə yol vermək qorxusu ƏKİZLƏRİN işgüzar fəallığına təsir etməməlidir. Ətalət vəziyyətinə düşməməyə çalışın. Tərəfdaşlarınızın başınızın altına yasdıq qoymalarına imkan verməyin. Sözün düzü, onlar sizin uğur qazanmağınızı istəmirlər. Biznesiniz sizdən böyük səylər tələb edəcəkdir. Amma səhvləriniz üzərində işləsəniz, böyük qələbələr qazana bilərsiniz.

Problemlərini həll etmək üçün XƏRÇƏNGLƏRƏ sakit şərait lazımdır. Hər gün ünsiyyətdə olduğunuz adamlar nə sizi başa düşəcək, nə də vəziyyəti qəbul edəcəklər. Gördüyünüz işlər bəlkə də vacib deyildir, amma onları bitirmək vaxtı çoxdan çatıb.

İşgüzar tərəfdaşları ŞİRLƏRİN aşına soyuq su qatacaqlar. Onlar birgə əmlak və ümumi maliyyə məsələlərində sizə badalaq gələcəklər. Bunu başa düşəndə atılıb düşməyin mənası yoxdur. Problemi bu yolla həll edə bilməzsiniz. Lakin əgər kimsə sizə olan borcunun dalına keçibsə, haqqınızı tələb edin. Cibi boş gəzmək sizə görə deyildir.

QIZLARIN ümumi biznesə qayğı ilə yanaşmaları maraqla qarşılanacaq və layiqincə qiymətləndiriləcəkdir. Sizin işgüzar fəallığınızın müəyyən narahatlıq doğurması barədə məlumatı lazımlı adamlara çatdırmaq üçün qısa telefon zəngi, yaxud elektron poçt vasitəsilə məlumat kifayət edəcəkdir. Hadisələrin belə gedişatı sizə böyük uğur gətirəcəkdir.

TƏRƏZİLƏR Merkurinin xoş təsirini hiss edəcəklər. İşlərinizdə uğur qazanacaqsınız. Kefi kök, damağı çağ vəziyyətdə ən məsul işlərə başlaya bilərsiniz. Məqsədə çatmaq üçün soyuqqanlı olmalısınız. Məqsədə doğru təmkinlə irəliləməlisiniz.

ƏQRƏBLƏR maliyyə durumlarını gözdən keçirməlidirlər. İkinci dərəcəli xərcləri istisna etsəniz, başqasından borc almağa ehtiyac olmayacaqdır. Əməkdaşların maraqlarını nəzərə almaqla, onları daha səmərəli işləməyə ruhlandıra bilərsiniz. `

OXATANLAR Günəşdən yeni yaradıcılıq enerjisi və parlaq ideyalar alacaqlar. Həmkar və tərəfdaşlarla fikir mübadiləsi yeni planlar cızmağınıza kömək edəcəkdir.

OĞLAQLAR bu həftə çox işləməli olacaqlar. İşiniz hətta asudə vaxtınızı da əlinizdən alacaqdır. Amma işinizə vicdanla yanaşsanız, həmkarlarınıza inansanız, səylərinizin əvəzini üçqat çıxacaqsınız.

DOLÇALAR iş həyatlarına əl gəzdirməli olacaqlar. Yeni vəzifə və ya daha perspektivli iş vərdiş və bacarığınızı daha yaxşı tətbiq etməyə imkan yaradacaqdır. Vəzifənizin artırılacağını bilirsiniz və buna hazırsınız. İndi rəhbərliyin barənizdə yanılmadığını bir daha təsdiq etməlisiniz.

BALIQLAR işdə maraqlı yarışda iştirak edəcəklər. İşinizin öhdəsindən yaxşı gəldiyinizi başa düşməyiniz özünüz üçün də gözlənilməz olacaqdır. Özünüzü yaxşı tərəfdən göstərsəniz, qiymətli hədiyyə alacaqsınız.

Bütün xəbərlər Facebook səhifəmizdə