QOÇLAR üçün bu həftə əlverişli müqavilələr imzalamaq üçün yeni perspektivlər vəd edir. Lakin müvəffəqiyyət qazanmaq üçün gərgin işləmək lazımdır. Amma yorulmusunuz və özünüzü işləməyə məcbur etmək o qədər də asan deyildir, çünki istirahətə ehtiyacınız var. İkisindən biri olmalıdır. Siz ya xirtdəyə qədər işin içində itib-batmalı, ya da bir kənara çəkilib canınızı güdməlisiniz. Amma unutmayın ki, həyat da, iş də bacaranındır. Atalar yaxşı deyib: "İşləməyən dişləməz".
BUĞALARIN ötən həftədəki səyləri öz bəhrəsini verməyə başlayır. Uğuru əldən qaçırmayın, qətiyyətlə və inamla hərəkət edin. Tərəfdaşlarınızı da silkələyin. İndi komandada işləmək çox vacibdir.
ƏKİZLƏR ilk növbədə maliyyə işlərini uğurla düzüb-qoşmaq üçün öz mövqelərindən istifadə etməlidirlər. Tərəfdaşlarınızın fikrini öyrənin. Onlar sizə ağıllı məsləhət verə bilərlər. Özünüzdən müştəbeh olmayın, biznesinizi etibar etdiyiniz adamlarla birlikdə idarə etməyə çalışın.
XƏRÇƏNGLƏR istedadlı biznesmen olduqlarını nümayiş etdirməlidirlər. Fərasətlə və ciddiyyətlə hərəkət edin. Yalnız bu yolla rəqiblərinizi üstələyib müvəffəqiyyət qazana bilərsiniz. İşgüzar fantaziyanızın vüsətini daha da artırın. Astroloqların fikrincə, müvəffəqiyyəti yalnız böyük-böyük arzularla yaşayan insanlar qazanırlar.
ŞİRLƏR üçün bu həftə çox dolğun və maraqlı keçəcəkdir. Son vaxtlar görüləsi o qədər iş yığılıb qalıb ki, başınızı itirmisiniz. Bu həftə bütün bu işləri sahmana sala bilərsiniz. Maliyyə sənədlərində ciddi xətalara yol verməmək üçün çox diqqətli olmalısınız.
QIZLARIN işləri öz axarı ilə gedir. Yorucu işlər sayıqlığınızı zəiflədə bilər. Onda işdə xətasız ötüşə bilməyəcəksiniz. Diqqətli olun ki, büdrəməyinizi gözləyən həmkarlarınızın gülüş, rəhbərliyin isə qınaq hədəfinə çevrilməyəsiniz.
TƏRƏZİLƏRİN bütün işləri yağ kimi gedir. Bəxtiniz üzünüzə gülür. Həmkarlarınız məsləhət üçün sizə müraciət edir, rəhbərlik sizi başqalarına nümunə göstərir. Əlinizi işdən soyutmayın. Bəxt bir qədər şıltaq şeydir. Bu gün üzünüzə gülür, sabah sizdən üz döndərir. İstirahət günlərini "daş-beton cəngəlliyindən" çıxıb təbiətin qoynunda dincəlin.
ƏQRƏBLƏR, bu həftə yeni işlərə başlamaq üçün münasib deyildir. Yeni müqavilələrin imzalanmasını təxirə salın. Bütün mühüm biznes işlərinizi bir kənara qoymalısınız. Əvvəllər başladığınız işləri başa çatdırmağa çalışın. Amma həmkar və rəhbərliyin cəlbedici təkliflərindən imtina etməyin.
OXATANLAR gündəlik işlərə qayıtmağa tələsməməlidirlər. Düşdüyünüz yeni şəraiti, mühiti yaxşı-yaxşı öyrənməyə, imkanlarını üzə çıxarmağa, bütün çətinliklərindən xəbər tutmağa çalışmalısınız. Məqsədinizə tez çatmaq şansının məhz bu sahədə olması istisna deyildir. Ətrafdakılar hərəkətlərinizi bəyənməyə bilər, lakin nəticə hamı üçün sürpriz olacaqdır.
OĞLAQLARIN komandada işləmələri onların gizli istedadlarını üzə çıxaracaqdır. Xüsusi bacarıqlarınızı hər gün nümayiş etdirməsəniz də, istedadlı olmağınız özünüzə inam hissini artıracaq, gələcək nailiyyətlər üçün güc verəcəkdir. Dostlarınızı axtarıb tapın, onlarla əlaqələri möhkəmləndirin. Dost köməyi ilə zəfər yolunuz iki dəfə qısa olacaqdır.
Ən yaxşı qərarların axtarışı DOLÇALARIN vaxtının xeyli hissəsini alacaqdır. Siz hər bir əməkdaşın işə konkret töhfəsindən çıxış etməlisiniz. Bunun üçün təmkinlə və ölçülüb-biçilmiş hərəkət etməyə imkan verən meyarlardan istifadə edin. Layihələrin icra müddətini unutmayın. Gözünüzü açıb-yumunca vaxt gəlib çatacaqdır. Bütün işlərinizi vaxtında görüb qurtardıqdan sonra yaxşı mükafat ala bilərsiniz..
BALIQLARIN təbii sərbəstliyi bəzi adamları valeh edəcəkdir. Özünüzə güvənməyiniz, nəzakətli olmağınız istədiyiniz nəticələrə gətirib çıxaracaqdır. Çox çətinlikləri geridə qoymusunuz. Özünüzü müvəffəqiyyət qazanmağa kökləməlisiniz. Unutmayın ki, quşu gözündən vurmaq öz əlinizdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB