Lift əvəzinə pilləkən: kimə necə sərf edir...

Lift əvəzinə pilləkən: kimə necə sərf edir...

Sağlam həyat tərzi uğrunda mübariz adını çoxdan qazanmış Nyu-York meri Maykl Blumberq yeni təşəbbüslə çıxış edib. O, "fəal dizayn" konsepsiyasına uyğun olaraq meqapolisdə ofis binalarını inşa və təmir etməyi təklif edib. Bu konsepsiyaya əsasən, tikintilərin layihələri elə hazırlanmalıdır ki, orada çalışan insanlar mümkün qədər çox hərəkət etsinlər.

Xüsusilə, bütün yeni binalarda pilləkənlər yalnız qəza vəziyyəti üçün deyil, müntəzəm istifadə üçün əlyetərli olmalıdır. Bundan əlavə, liftlərin yanında pilləkənlərin harada olduğunu göstərən lövhələr qoyulmalıdır. M.Blumberqin fikrincə, bu, insanları liftdən yox, pilləkənlərdən istifadə etməyə meylləndirəcək.

Təşəbbüsünü təqdim edən mer deyib: "Nyu-York sağlam qidalanma prinsiplərinin təbliğində lider olmuşdur. İndi isə biz zəif fiziki fəallığa qarşı mübarizə aparmaq sahəsində hamıya nümunə olacağıq.

Məlumdur ki, 71 yaşlı merin özü praktiki olaraq pilləkənlərdən mümkün qədər çox istifadə edir, heç vaxt eskalatorlarda dayanmır, əksinə, orada ayaqla qalxır və ya enir.

M.Blumberqin planı hətta fəal dizayn mərkəzi yaradılmasını da tələb edir. Qismən şəhər büdcəsindən maliyyələşən bu qeyri-kommersiya təşkilatı yalnız Nyu-Yorkda deyil, bütün dünyada "daha sağlam" binaların layihələrinin işlənib hazırlanması ilə məşğul olacaq.

M.Blumberq artıq neçə illərdir ki, sağlam həyat tərzi uğrunda mübarizə kampaniyası aparır.

Nyu-Yorkun bir çox sakinləri hesab edirlər ki, merin müxtəlif təşəbbüsləri onların hüquqlarını pozur və onlar hətta şəhərin rəisini "dayə Blumberq" adlandırırlar. Bununla belə, nyu-yorkluların əksəriyyəti merin təşəbbüslərini dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə