İntellektual qələm...

Almaniyada əl ilə yazılmış mətnlərdəki səhvləri aşkarlayan və istifadəçini bu barədə xəbərdar edən qələm ixtira olunub. İlk baxışda adi diyircəkli qələmdən fərqlənməyən bu qurğunun layihəsi "Lernstift" şirkəti tərəfindən hazırlanıb.

Ağıllı qurğu müxtəlif hərflərin yazılması zamanı peronun hərəkətini müəyyənləşdirən və normadan kənara çıxma halları baş verdikdə vibro-siqnal vasitəsilə istifadəçiyə xəbərdarlıq edən xüsusi verici ilə təchiz olunub.

Bu barədə Britaniyanın "Telegraph" qəzeti məlumat yayıb.

Qurğu, ilk növbədə, orfoqrafiyanı yenicə mənimsəməyə başlayan kiçikyaşlı məktəblilər üçün nəzərdə tutulub.

Lakin yüksək texnologiyalı yeni mexanizm adətən mətnləri kompyuterdə yığan və ümidini yalnız düzgün yazılışın yoxlanması vasitələrinə bağlayan daha böyük yaşlı istifadəçilərin də işinə yaraya bilər.

Yeni qələmin neçəyə olacağı və nə vaxt satışa çıxarılacağı hələlik məlum deyildir.

Bütün xəbərlər Facebook səhifəmizdə