Ulduzlar bu həftənin uğurlu olacağını deyir

Ulduzlar bu həftənin uğurlu olacağını deyir

OĞLAQLAR həm işdə, həm də şəxsi münasibətlərdə davranışlarını tələsmədən və ətraflı şəkildə təhlil edib səhvlərini başa düşməyə çalışacaqlar. Özünütənqid qarşınızda yeni imkanlar açacaq. Səbirli və nəzakətli olmağınız ailə münaqişələrini aradan qaldırmağa kömək edəcək. Yeni gəlir mənbəyi tapacaqsınız. Pullanmağınız başınızı gicəlləndirməməlidir. Unutmayın ki, pul əl çirkidir, bu gün var, sabah yoxdur, daimi olan isə gözəl insani münasibətlərdir.

DOLÇALAR başqalarının həyatında fəal iştirak edəcək, çoxlu dost qazanacaqlar. Bütün bunlar çox yaxşı. Amma xeyli vaxtınızı aparacaq. Yaxşı olar, az danışıb, çox iş görəsiniz. Perspektiv üçün planlar qurun, amma ürəyinizdə. Əlinizi işdən soyutmayın, hadisələr gərgin zehni fəaliyyət tələb edəcək. Yaranmış vəziyyət sizə şans verəcək. Bu şansı əldən verməsəniz, maliyyə problemləri hələ uzun müddət sizi narahat etməyəcək.

QOÇLAR sağlam düşüncəlilik, ayıq-sayıqlıq kimi keyfiyyətlərindən istifadə etməlidirlər. Sözü ağzınızda bişirib çıxarın. "Susmaq qızıldır" məsələni yaddan çıxarmayın. Boşboğazlıq hələ heç kimə başucalığı gətirməyib. Problemləri standart olmayan üsullarla həll etmək gözəl nəticə verəcəkdir. Etibarlı işgüzar tərəfdaşlar tapacaqsınız. Ona görə də perspektivli əlaqələr qurmaq fürsətini əldən verməyin.

BUĞALAR daha yüksək peşəkarlıq səviyyəsinə yüksəlmək üçün təşəbbüskarlıq və qətiyyətlilik kimi keyfiyyətlər tələb edən yaradıcılıq layihələrinin icrasına cəsarətlə başlaya bilərlər. Əvvəlcə sınanacaqsınız. Öhdəsindən gələ bilməyəcəyiniz işləri boynunuza götürüb, tərəfdaşlarınızı pis vəziyyətdə qoymayın. Vədinizə xilaf çıxmaq sizə başa gələ bilər. Pul kisənizin vəziyyəti pis deyildir. Çoxdan bəri keyfiyyətli məişət əşyaları almağı planlaşdırırsınız. Fürsətdən istifadə edin.

ƏKİZLƏR bu həftə yüngülayaq olacaqlar. Siz olduqca fəal, həmişəkindən daha səbirsiz, güzəştə getməyi bacarmayan insansınız. Enerjinizi lazımi məcraya yönəldə bilsəniz, işlərinizdə böyük uğur qazanacaqsınız. Xüsusən az tanıdığınız insanlarla söhbət etdiyiniz zaman ayıq-sayıq olun. Axı, insanlar çox vaxt düşündükləri kimi danışmırlar. Maliyyə durumunuz səxavət kisəsinin ağzını açmağa imkan verir.

XƏRÇƏNGLƏR ətrafdakıların məsləhətlərini qulaqardına vurmamalıdırlar. Həyatın sizə verdiyi imkanları əldən qaçırmayın. Onsuz da müştərisi çoxdur. Mənasız mübahisələr sizə görə deyildir. Çətinliyə düşmüsünüzsə, vəziyyətdən ləyaqətlə çıxmağa çalışın. Sizi kiçik gəlir gözləyir. Bədxərclik etməyin. Hazırda hər qəpiyi güdməsəniz də, ağlabatan qənaət mane olmaz.

ŞİRLƏR həmişə olduğu kimi sağlam düşüncəni rəhbər tutmalıdırlar. Gizli istedadlarınızı ortaya qoymaq vaxtı çatıb. Ola bilsin, ətrafdakılar sizə qarşı münasibətlərini dəyişəcəklər. Yığılıb qalmış problemlərin öhdəsindən gəlmək üçün qiymətli vaxtınızı boş-boş söhbətlərə itirməyin. Unutmayın ki, atalarımız "Söhbət dananı qurda verib" deyiblər. Problemlərinizi həll etdikdən sonra qarşınızda maraqlı perspektivlər açılacaq.

QIZLAR ideyalarını həyata keçirmək üçün əlverişli dövrə qədəm qoyurlar. Bu həftə nüfuzunuz qat-qat yüksələ bilər. Gələcəyə cəsarətlə baxın və öz fikrinizi bildirməkdən çəkinməyin. Həftə maliyyə baxımından da sabitdir və bahalı dükanlara yürüş etməyə imkan verir.

TƏRƏZİLƏRİN başladığı yeni işlər onlara böyük uğur qazandıracaq. Yeni həvəsiniz həm iş, həm təhsil, həm də hər hansı bir hobbi ilə bağlı ola bilər. Məqsədə çatmaq üçün özünüz üçün prioritet vəzifələri müəyyənləşdirməyə çalışın. Maliyyə durumunuz ürəyinizdən keçənləri almağa imkan verir.

ƏQRƏBLƏR bütün çətinliklərə baxmayaraq inadla irəliləməlidirlər. Çox zəhmət tələb edən işlərə başlamayın. Başqalarının səhvlərinə və çatışmazlıqlarına qarşı səbirli olun, kompromis axtarın, hərçənd bu, heç də asan məsələ deyildir. Həftə gizli plan və niyyətlərin həyata keçirilməsi üçün də uğurludur. Başqalarının dediklərini dinləyin, onda ağlınıza maraqlı bir ideya gələ bilər. Bu ideya gələcəkdə imkanlarınızı xeyli genişləndirəcək.

OXATANLAR bu həftə özlərini hər sahədə lider hiss edəcəklər. Heç şübhəsiz, bu sizin çox xoşunuza gələcək, qürurlandıracaq. İşdə qürur hissi ilə dolaşmağınız tamamilə təbiidir. Amma evdə yaxınlarınızla sadə davranmağınız daha məsləhətlidir. Vaxtınızın çoxunu alan bütün məişət problemləri müvəffəqiyyətlə həll olunduğu üçün indi rahat-rahat istirahət edə bilərsiniz. Rahatlanmağınız işlərinizin bütün gedişatına müsbət təsir göstərəcək.

BALIQLARA ümidverici layihəyə qoşulmağı təklif edəcəklər. Məsləhətimiz budur ki, uzun-uzadı düşünməyəsiniz. Belə fürsət ələ keçməz, dad fürsət axtaranlar əlindən. Yəni şansınızı burnunuzun ucundan qaçıra bilərlər. Dəyişikliklərdən çəkinməyin. İlk addımlarınızı atın, onda elə bu həftənin sonunda nəticələri hiss edəcəksiniz. Rəhbərlik və həmkarlarınız yol verdiyiniz xırda-para xətalara görə sizi ciddi tənqid edə bilərlər. Bir qulağınızdan alıb o birisindən ötürün.

Bütün xəbərlər Facebook səhifəmizdə