Karfagenlilərlə döyüş zamanı çoxlu yunan həlak olmuşdu

Karfagenlilərlə döyüş zamanı çoxlu yunan həlak olmuşdu

Arxeoloqlar müasir İtaliyanın ərazisində - Siciliyada 10 mindən çox qədim məzar tapıblar. Qəbirlərin çoxunda amforalar (ikiqulplu, boğazı dar qab), uşaq qalıqları, habelə silah aşkar edilib. Alimlərin sözlərinə görə, qədim məzarlıq Siciliyanın Yunanıstanın koloniyası olduğu dövrə aiddir. Arxeoloji qazıntıların rəhbəri Stefano Vassalonun fikrincə, çox güman, mütəxəssislər Qədim Yunanıstan tarixində ən iri nekropolu tapmağa müvəffəq olublar.

Qədim məzarlıq bu yaxınlarda, inşaatçılar şəhərətrafı qatarlar üçün yeni xətt çəkəndə aşkar edilib.

İlkin məlumatlara görə, Siciliyada məhz qədim yunan tarixçisi Herodotun təsvir etdiyi məzarlıq tapılıb: eramızdan əvvəl 480-ci ildə burada karfagenlilərlə döyüş zamanı çoxlu yunan həlak olmuşdu.

İtaliya arxitektorları bildirirlər ki, 10 min məzar təxmini rəqəmdir. Qazıntılar davam edir və nekropolun sərhədləri indiyədək müəyyən edilməyib. Yəni kütləvi qəbirlərin sayı arta bilər.

S.Vassalo demişdir ki, 2500 il əvvəl bu nekropolun yanında kiçik yunan şəhəri Himera yerləşirmiş. Əsası eramızdan əvvəl 648-ci ildə qoyulub, Siciliyanın şimal sahilində yerləşən Himera Qədim Yunanıstanın ticarət koloniyası idi. Eramızdan əvvəl 480-ci ildə Karfagen (indiki Tunis) Yunanıstanın bu koloniyası ilə müharibə aparmaq üçün onun üzərinə dənizdən qoşun göndərir.

Himeranın aşağı hissəsində yunanlar və karfagenlilər arasında qanlı döyüş başlayır. Döyüşdə həlak olan insanları elə buradaca dəfn edirlər. Bu döyüşdə Himera qalib gəlir.

Eramızdan əvvəl 409-cu ildə Karfagen Himeraya yenidən qoşun göndərir və bu dəfə yunan koloniyasını yerlə-yeksan edir. Bu döyüşdən sonra Himeranın varlığına son qoyulur.

Arxeoloqlar məzarlarda çoxlu uşaq qalıqlarına da rast gəliblər. S.Vassalo deyib: "O vaxt uşaqlar arasında ölüm səviyyəsi çox yüksək idi. Biz içərisində uşaq skeletləri olan çoxlu amfora tapdıq".

Bütün xəbərlər Facebook səhifəmizdə