Ulduz falı nə(lər) deyir?

OĞLAQLAR bu həftə daha çox dostlar və işgüzar tərəfdaşlarla ünsiyyət saxlamağa çalışmalıdırlar. Onların köməyi ilə tezliklə qarşınızda maraqlı perspektivlər açılacaqdır. Əlavə qazanc mənbələrini nəzərdə tutan cəlbedici təkliflər alacaqsınız. Rəhbərlik əvvəlki kimi sizi yüksək qiymətləndirir, ideyalarınızı diqqətlə dinləyir və ən məsuliyyətli sahəni məhz sizə həvalə etməyə hazırlaşır. Belə münasibət ürəyinizi qürur hissi ilə dolduracaqdır.

DOLÇALAR yaxın gələcək üçün planlar cızmalıdırlar. Diqqətinizi cəmləyib əsas hədəfə yönəltsəniz, bütün ideya və planlarınızı, hətta cəsarətlilərini həyata keçirə biləcəksiniz. Bir-birinə tamamilə zidd olan məsələlərlə bağlı qərar qəbul edərkən yaşlı və müdrik insanların məsləhətlərini dinləməlisiniz. Atalarımız da "Allahsız yerdə otur, böyüksüz yerdə oturma" deyiblər. Böyük məsləhətinə qulaq assanız, parlaq perspektivlərinizə heç kim kölgə sala bilməyəcəkdir.

BALIQLAR tərəf-müqabillə bütün narazılıqları aradan qaldıracaq, umu-küsüləri geridə qoyacaqlar. Səmimi söhbət sayəsində içinizi gəmirən bütün şübhələrdən qurtulacaqsınız. Münasibətlərinizdə yenə də harmoniya və anlayış bərqərar olacaqdır. Nikbin və yüksək əhval-ruhiyyəniz bu həftənin ən dolaşıq və təzadlı vəziyyətlərindən asanlıqla çıxış yolu tapmağınıza kömək edəcəkdir.

QOÇLAR bu həftə planlarını həyata keçirmək üçün böyük fəallıq və məqsədyönlülük nümayiş etdirməlidirlər. Yoxsa maliyyə problemləri ilə üzləşəcəksiniz. Əlinizin aşağı olması şəxsi həyatınızda da problemlər yaradacaqdır. Necə deyərlər, Allah imkansızlığın üzünü qara eləsin. Amma siz qanınızı qaraltmayın. Zülmət gecədən sonra mütləq işıqlı sabah gəlir. Hər şey hələ irəlidədir!

BUĞALARI bu həftə maliyyə uğurları gözləyir. Çoxlu maraqlı və perspektivli ideya və təkliflər yaranacaqdır. İşdə rəhbərlik və tabeliyinizdəki adamlarla münaqişə yarana bilər. Qoç döyüşünə qoç kimi getməyin. Olan işdir. Hadisələrə fəlsəfi yanaşmağa çalışın. Məhəbbət cəbhəsində sizi həyəcanlı hadisələr gözləyir. Ehtirasların coşub kükrəməsi ilə müşayiət olunan qızğın sevgi macərası romanlardakı əhvalatları xatırladacaqdır.

ƏKİZLƏR qarşısında müxtəlif istiqamətlərdə geniş fəaliyyət meydanı açılacaqdır. Bu səmərəli dövrdən maliyyə problemlərinizi yoluna qoymaq üçün istifadə etməlisiniz. Heç kimdən kömək gözləməyin. Öz gücünüzə inanın. İndi ən dolaşıq vəziyyətlərdən çıxış yolu tapmaq iqtidarındasınız. Ailə münasibətləri qurmaq və möhkəmləndirmək üçün əlverişli dövrdür.

XƏRÇƏNGLƏRİN tərəfdaşlıq münasibətləri və imzaladıqları müqavilələr pozula bilər. Lakin vəziyyətin belə gedişatı sizi məyus etməməlidir, çünki bir çox sahələrdə, xüsusən, şəxsi həyatda uğur qazanacaqsınız. Bu həftə başlıca vəzifəniz özünüzə inam hissini qoruyub saxlamaqdır. Onda başqalarının gözündə əhəmiyyətiniz və nüfuzunuz artacaqdır.

ŞİRLƏR iş və ya işə düzəlməklə bağlı maraqlı təkliflər ala bilərlər. Ola bilsin, maraqlı bir layihədə sizə əsas rol həvalə ediləcək və sizə böyük ümidlər bəslənəcəkdir. Rəhbərlik fəallığınızı və işgüzarlığınızı xüsusi vurğulayacaqdır. Sizi peşəkarlıq zəminində xoş dəyişikliklər gözləyir.

QIZLAR hər cəhətdən xoş olan yeni həftəyə qədəm qoyurlar. Ola bilsin, yeni yaradıcılıq işi ilə məşğul olacaqsınız. Təşəbbüskar olmalı, müstəqil hərəkət etməlisiniz. Onda hesab edin ki, artıq müvəffəqiyyət qazanmısınız. Bu günlər maliyyə məsələlərinizi həll edəcək, o cümlədən borc verdiyiniz pulu geri alacasınız.

TƏRƏZİLƏR əsəblərini cilovlayıb təmkinlə hərəkət etməlidirlər. Təlaşlanmayın, tələskənliyə yol verməyin. yoxsa işlərinizi başa çatdıra bilməyəcəksiniz. Hazırda gücünüz aşıb-daşır. Odur ki hərəkət keçin və bütün işlərinizdə müvəffəqiyyət qazanmaq şansını əldən verməyin. Səyləriniz hədər getməyəcəkdir. Hər bir zəhmətin öz bəhrəsi var.

ƏQRƏBLƏR bu həftə bütün layihələrini həyata keçirəcəklər. Tanımadığınız insanların cəlbedici təkliflərinə ehtiyatlı yanaşmalısınız. Təklifi qəbul etmək qərarına gəlsəniz isə anlaşılmazlıqla üzləşəcəyinizi unutmayın. İmkanlarınızı obyektiv qiymətləndirin və yalnız özünü doğruldan risklərə gedin.

OXATANLAR başqalarına qarşı səbirli olmalıdırlar. İndiki halda lazımsız münaqişələrə baş qoşmaq ağılsızlıqdır. Sakit və təmkinli əhval-ruhiyyəniz şəxsi həyatınıza müsbət təsir göstərəcək, sizi yeni işlərə ruhlandıracaqdır. Ailənizdə hər şey öz axarı ilə gedir. Yadda saxlayın ki, səmimi və ülvi hissləri etiraf etmək, özü də qarşılıqlı olan hissləri etiraf etmək insana yalnız başucalığı gətirir.

Bütün xəbərlər Facebook səhifəmizdə