"Dolce&Gabbana" 343 mln avro cərimələndi

"Dolce&Gabbana" 343 mln avro cərimələndi

İtaliyanın nəhəng dizaynerləri və dəbli geyim istehsalçıları Domeniko Dolçe və Stefano Qabanna 343,4 milyon avro həcmində cərimə ödəməli olacaq, səbəb isə vergidən yayınmadır. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə İtaliyanın "CorrieredellaSera" nəşriyyatı məlumat verir. Bu qərar şənbə günü Milan Apelyasiya məhkəməsi tərəfindən çıxarılıb.

Məhkəmə prosesi 2012-ci ildə İtaliyanın Ali Məhkəməsində start götürüb. İttihamçı tərəfin versiyasına görə, Dolçe və Qabanna 2004-cü ildə bilərəkdən "Dolce&Gabbana" geyimlərinin qiymətini aşağı salaraq, onları özlərinin Lüksemburqda yerləşən "Gado" Holdinq kompaniyasına 360 milyon avroya satıblar, əslində italyan mütəxəssislərinin qiymətləndirməsinə görə brendlərin qiymətləri minimum olaraq 1,2 milyard dollar idi. Tədqiqatın nəticəsinə görə, zərərin ümumi məbləği 1 milyard avro təşkil edib.

Qeyd edək ki, "Dolce&Gabbana" - öz şəxsi vəsaitləri hesabına həyatını davam etdirən və hələ ki, kənar investorlara ehtiyac duymayan yeganə moda evlərindən biridir. 2011-ci ilin yekunlarına əsasən "Dolce&Gabbana" və onun lisenziyaları tərəfdaşları 1,4 milyard avro qazanc əldə ediblər. 2008-ci il böhranından sonra digər moda evləri yeni investorlar cəlb etməli olduğu halda, "Dolce&Gabbana" xərclərin ixtisarı proqramını tərtib etməyə başladılar. Proqram hal-hazırda qüvvədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə