"Titanik" yenidən okeanda

Yeni "Titanik" gəmisi hazırlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni "Titanik" lazımı qədər xilasetmə qayıqlarına malik olaraq dünyanın ən təhlükəsiz sərnişin gəmisi sayıla bilər. Gəminin inşası ideyası avstraliyalı milyarder Klayv Palmerə məxsusdur. O, "Titanik-2" gəmisinin layihəsini keçdiyimiz günlərdə Nyu-Yorkda təqdim edib. O, bildirib ki, əvvəlki səyahəti başa vuracaqlar və Nyu-Yorka üzəcəklər. Palmer əsl "Titanik"in sahiblərindən fərqli olaraq, gəminin batmasının mümkün olmadığını söyləməyib. Palmer sadəcə, söyləyib ki: "İndi Şimali Atlantikada aysberqlərin sayı əvvəlki qədər deyil".

"Titanik-2"-nin baş konstruktoru Markku Kanerva isə hesab edir ki, yeni inşa ediləcək gəmi təhlükəsizlik baxımından dünyanın ən təhlükəsiz gəmisi sayıla bilər.

Nəzərinizə çatdıraq ki, əfsanəvi "Titanik"-in tam oxşarının uzunluğu 270 metr, çəkisi 40 min ton olacaq. Gəminin 9 göyərtəsində 850 kayuta olacaq. İlk "Titanik" kimi "Titanik-2"-də də türk hamamları, siqaret çəkməyənlər üçün otaqlar, parad pilləkəni, trenajor zalı olacaq. Gəmi 1, 2 və 3-cü sinif sərnişinlər üçün otaqlara bölünüb. Orijinaldan fərqli olaraq, "Titanik-2"-də kondisionerlər, helikopter meydançası və internet olacaq. Laynerdəki sərnişirlər 100 il əvvəlki dəblə geyinəcək, batmış "Titanik"-dəki qab-qacağın tam oxşarlarında yemək yeyəcəklər.

Palmerin dediyinə görə, "Titanik-2"nin ilk reysinə çox böyük tələbat var. Onlarla müştəri isə 1-ci sinifdəki kayuta bilet üçün 1 milyon dollar təklif edir.

Bütün xəbərlər Facebook səhifəmizdə