Dünyada ən dəqiq atom saatı yaradılıb

Dünyada ən dəqiq atom saatı yaradılıb

Dünyada işləməsi bir atom kütləsi ilə müəyyən edilən ilk atom saatı yaradılıb. Onun müəlliflərinin sözlərinə görə, bu, nəinki dünyada ən dəqiq saatdır, həm də kiloqramın etalon kütləsini yenidən müəyyənləşdirməyə qadirdir.

Hazırda sezium atomlarındakı elektronların vəziyyətinin dəyişmə tezliyi ölçülən atom saatları ən dəqiq saatlar hesab olunur. Bu, vaxtın ölçülməsinin yeganə bu cür üsulu deyildir. Kvant mexanikasının postulatlarından birinə uyğun olaraq, hər bir materiya eyni zamanda iki formada olur - zərrəciklər və dalğalar. Əslində hər zərrəciyin öz tezliyi vardır və onu Kompton tezliyi adlandırmaq qəbul olunub. Bu tezlik birbaşa materiya atomunun kütləsindən asılıdır.

Mütəxəssislərin fikrincə, həmin "Kompton saatı"nı yaratmaq tamamilə mümkündür və onun işləmə dəqiqliyi bu və ya digər atomun tezliyi ilə müəyyənləşəcəkdir. Lakin çətinlik ondadır ki, atomun tezliyi işıq şüasının tezliyindən yüz milyard dəfə böyükdür.

Fiziklər bu problemi həll etmək üçün Eynşteynin nisbilik nəzəriyyəsini, həmçinin məşhur "əkizlər paradoksu"nu əsas götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə