Səs İnformasiya Agentliyi tanınmış jurnalistlər arasında onların 2012-ci ildə əldə etdiyi uğurlu nəticələr və 2013-cü ildən gözlədikləri yeniliklər barəsində sorğu aparıb. İndi isə tanınmış qələm əhlinin uğurlarını və gözləntilərini sizə təqdim edirik:
Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli: "2012-ci ili ümumilikdə uğurlu adlandırmaq olar. Bu ilin fevral-mart aylarında ABŞ-da Yeni Mediayla bağlı təlimlərdə iştirak etdim. İştiraka görə Dövlət Departamentinin diplomu ilə təltif olundum. Bundan başqa BDU-nun jurnalistika fakültəsinin məzunu oldum. İstanbulda Türkiyənin ən nüfuzlu xəbər agentlikləri ilə tanış olmaq imkanı qazandım. Bu baxımdan 2012-ci ili özüm üçün çox uğurlu hesab edirəm. Rəhbəri olduğum azxeber.com xəbər portalı üçün də bu il çox uğurlu oldu. Portalımız "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən ilin media qurumu mükafatıyla təltif olundu. Hazırda "facebook"da ən çox üzvü olan Azərbaycan dilli xəbər portalı da məhz Azxeber.com-dur. 2013-cü ildə özümüzə və bütün həmkarlarımıza uğurlar arzulayıram. Sizə də belə bir sorğuya görə təşəkkür edirəm".
APA informasiya agentliyinin müxbiri Könül Kamilqızı: "2012 Əjdaha ili mənim ilim olduğu üçün uğurlu bir il kimi yaddaşımda qalıb. Xarici ölkələrin birinə səfər etdim, yeni dostlar, tanışlar qazandım. Bu il ən əsası iş yerimi dəyişdim. Bu da 2012-ci ildəki ən böyük uğurlarımdan biridir. 2013-cü ildən də gözləntilərim çoxdur. İnşallah yeni ildə qardaşımın sağ-salamat hərbi xidmətdən qayıdacağı günü gözləyirəm. Bundan əlavə, yeni ildə özümə digər arzularımın həyata keçməsini, gözəl bir ailəyə sahib olmağı, işlərimdə daha böyük uğurlar qazanmağı arzu edirəm. Ən əsası isə Allah-Təala canımızı sağlam, ailəmiz, yaxınlarımızla bərabər günlərimizi xoş və ruzi-bərəkətli etsin. Çünki insanın canı sağlam, özü səbirli olanda bütün məsələləri həll etmək mümkün olur. Şaxta babadan can sağlığı ailəm ve yaxınlarımın hər zaman yanımda olmasını lazımı qədər pul ve gələcək bayramları oz evimdə keçirmək istərdim. Hər kəsi də qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm. Onların hər birinə xoşbəxt və sevincli günlər, bütün arzularının həyata keçməsini diləyirəm".
ATV telekanalının müxbiri Aytən Əhmədova: "2012-ci il mənim üçün uğurlu olub. Belə ki, şəxsi həyatımda dəyişiklik olub, avqusun 25-də ailə həyatı qurmuşam. Bir sıra mükafatlara layiq görülmüşəm. İşimlə əlaqədar bir neçə ölkəyə səfərlərim olub. Parlament müxbiri olaraq millət vəkilləri tərəfindən, reportajlarım sayəsində isə cəmiyyət tərəfindən tanındım. Newroom-da "Ən çox stendap edən müxbir" mükafatına layiq görülmüşəm. Bundan əlavə 2012-ci ildə əmək haqqım yüksəldi. Mənim jurnalist olaraq tək bir arzum var ki, bu da cənab Prezidentdən eksklüziv müsahibə almaqdır. 2013-cü ildə məhz bu arzumun reallaşmasını istəyirəm. Şaxta babadan isə hədiyyə olaraq ailə səadəti, can sağlığı dövlət başçısı başda olmaqla, hər bir nazirdən eksklüziv müsahibə istəyirəm. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə həm xalqımızı, həm də jurnalist həmkarlarımı təbrik edirəm, hər birinizə uğurlar arzulayıram".
ANS telekanalının İdman Departamentinin rəhbəri Amil Hacıyev: "İdman sahəsində əsas fəaliyyətim bu ilə təsadüf etdi. 2012-ci ildə ilk dəfə olaraq mənim layihəm reallaşdı və "Sportsmen" verilişi efirə çıxdı. Ölkədə idman sahəsində baş verən hadisələri tamaşaçılara çatdırmağa çalışdım. 2013-cü ildən gözlədiyim uğur isə ölkəmizdə və xarici ölkələrdə idman yönümlü tədbirlərin, yarışları və çempionatların, Azərbaycan Premyer Liqasının fəaliyyət göstərdiyim telekanal vasitəsilə yayımlanmasında addım atmaqdır. Xalqımıza və idmançılarımıza bu ilin uğurlu olmasını diləyirəm. Şaxta babadan isə hədiyyə kimi milli komandamızın uğur qazanmasını və Çempionlar Liqasının həyəcanını yaşamasını istəyirəm".
"Səs" qəzetinin köşə yazarı Cabir Məmmədov: "2012-ci ildə mənim üçün pis heç nə olmadı. Xarici ölkələrə səfər etdim, hər şey yaxşı yekunlaşdı. İl mənim üçün maraqlı keçdi, lakin iş həyatımda yeniliklər olmadı. Deyilənə görə 13 rəqəmi nəsdir. Fikrimcə rəqəmlərin insan həyatına təsiri yoxdur. İlan ilində anadan olduğum üçün 2013-cü il mənim ilimdir. Bu ildən çoxlu uğurlar gözləyirəm, layihələrim var və bunların reallaşmasını arzulayıram. Şaxta babadan isə pul istəyirəm. Dünya Azərbaycanlılarının Həmrəylik gününü və Yeni ilini təbrik edirəm. Yeni il bizə uğur gətirsin!".
Biz də Səs İnformasiya Agentliyi olaraq xalqımızı və jurnalist həmkarlarımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik. Hər birinizə can sağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB