Daha paltar yuyulmayacaq

Çində Şanxay universitetinin alimləri özütəmizlənən paltar icad ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, unikal texnologiya ilə hazırlanmış paltar, üzərində olan ləkələri özü aradan qaldırır. Bunun üçün paltarı bir neçə saat gün işığına çıxarmaq kifayət edir. Funksional paltar bundan başqa geyimdən çıxan tər və digər xoşagəlməz qoxuları da aradan qaldırmağı bacarır.

Çinli alimlər paltarın istehsal sirrini gizlətməyiblər. "Titan iki oksid" və Azotun birləşməsindən əmələ gətirilən mürəkkəb maddəyə turşu neytrallaşdırıcısı olan trietilamin əlavə edilib və məhlul 12 saat ərzində qarışdırılıb. Daha sonra məhlula paltarın əsasını təşkil edən pambıq parçalar əlavə edilərək 100 dərəcə selsidə qarışdırılıb. Sonda əmələ gəlmiş materiala Günəş işığına həssas olan gümüş-yod hissəcikləri əlavə edilib.

Funksional paltarın sınaqları uğurla həyata keçirilib. Belə ki, çinli mühəndislər paltara narıncı boya ləkəsi salaraq gün işığına çıxarıb. 2 saat gün işığında qalmış paltarda boya ləkəsinin 71 faizi yoxa çıxıb. Paltar bir neçə dəfə sınaqdan keçirilib. Unikal geyim təkrar yuyulmadan sonra öz funksionallığını itirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə