Qiyamət çoxdan başlanıb!

Dünyanın sonundan qorxanlar üçün

Qədim mayya təqviminə görə, dekabrın 21-də guya dünyanın sonu və qiyamət günü olacağına inananlar, təbii ki, xurafat, məntiqsiz iddialar və yalanların toruna düşənlərdir.

Belələrini Mirzə Cəlilin "maralları" da saymaq olardı, amma…

Dünyanın sonu və qiyamət çoxdan başlayıb. Sadəcə, biz bunun fərqində deyilik.

Türkiyənin məşhur alimlərindən biri, professor Barbaros Çetinin "Milliyet" qəzetində "7 milyard insan hara qaçacaq?" adlı məqaləsi dərc olunub.

Nüfuzlu və ən əsası, məntiqli alimin yazısını müəyyən ixtisarlarla təqdim edirik:

"Dünya zatən qiyaməti yaşayır. Ozon təbəqəsi deşilib, ekosistem alt-üst olunub. Bioloji saatları pozulan bitkilər cırlaşır, məhv olur. Belə davam edərsə, bəşəriyyət ac qalacaq. Üstəlik, planetimizdə yaşayan 7 milyard insanın köçə biləcəyi yer, başqa planeti tapmağa vaxt da yoxdur.

Qədim mayyaların təqviminə ehtiyac yox. Bəşəriyyət 20-ci əsrin əvvəllərindən bəri qiyaməti yaşayır.

Bu fotoya diqqətlə baxın. Foto Ankarada çəkilib və orada at şabalıdı (Aesculus hippocastaneum) ağacının budağı var.

Bu ağac artıq 65 milyon ildir ki, planetimizdədir.

Baharda əvvəlcə yarpaq açar, sonra çiçəkləyər, yayda meyvəsi olar, payızda da meyvə və yarpaqlarını tökər.

Ekoloji qiyamətə dəlalət edən bu fotoya diqqətlə baxın..

Anormallıqdır: eyni vaxtda budaqda tökülməyə başlamış yarpaqları, yeni tumurcaqlayan yarpaqları, meyvələri və olmaması gərəkən çiçəkləri görürük. Bu, qiyamət deyilmi?! Dünyanın ekoloji sistemini elə darmadağın etmişik ki, artıq ağaclar da nə edəcəklərini bilmir.

Hazırda təbiətdə yaşanan əcaib olayların ən başlıca səbəblərindən biri Yerin ozon qatının dəlinməsidir. Dəlinmə ilə yanaşı, incəlməyə məruz qalmış ozon təbəqəsi artıq əvvəlki kimi ultrabənövşəyi şüaların qarşısını almır.

Ətraf mühitin çirklənməsi bitkilərin hormonal strukturuna da təsir edir. Qorxuram ki, belə davam edərsə, meyvə-tərəvəz növlərinin əksəriyyətini bilmərrə itirə bilərik.

İnsan fəaliyyəti nəticəsindlə ekoloji amillər sürətlə dəyişdiyindən bitkilər nəsillərini davam etdirmək üçün yeni, uyğun məkanlara "köçməyə" yetərincə vaxt tapa bilmirlər. Məsələn, tropiklər son 20 il ərzində Şimal və Cənub Yarımkürələrində 520 kilometr miqyasda genişlənib.

Tropik bitkilərin yeni məkanlara sürətlə yayılması və ya həmin məkanlardakı bitkilərin tropik iqlim qurşağına sürətlə uyğunlaşması qısa müddətdə mümkün deyil.

Havanı zəhərləyirik, bitkilərin bioritmlərini pozuruq, okeanları plastik və kimyəvi tullantı zibilxanasına çevirmişik, bütün canlıların nəsilartırma təhlükəsizliyini pozmuşuq, atom-elektrik stansiyaları tikirik, nüvə silahları ilə oynayırıq, su-elektrik stansiyaları tikib təbiətin suyunu kəsirik – sonra da mayyaların hansısa uydurma təqvimlərinə əsaslanan xurafatdan qorxur, xoflanırıq…

Biz alimlər illərdir ki, qiyamətin başladığını deyirik. Dünyanın sonu və qiyamət dekabrın 21-də olmayacaq. Amma belə davam edərsə, dünyanın sonuna çox qalmayıb.

Biz insanlar yalnız planetimiz üçün yox, bütün Günəş sistemi üçün sona başlamışıq.

Yerdə ildə təxminən 30 min bitki və heyvan növü yox olur. Yəni hər saatda 3 növ!

Yer yaranandan bəri 5 dəfə dünyanın sonu, qiyamət oldu.

Sonuncu qiyamət 65 milyon il əvvəl oldu. Dünyaya kometalar və meteoritlər yağdı, dinozavrların da 150 milyon il davam edən hökmranlığı bitdi.

Heç şübhə yoxdur ki, indi 6-cı qiyaməti yaşayırıq.

Və ən nəhayət: qiyaməti yaşasaq da, həyat gözəldir".milli.az

Bütün xəbərlər Facebook səhifəmizdə