Dünyada 21 dekabr qorxusu şiddətlənir; Fransa hökuməti dağlara çəkilən əhalinin qabağını alır; ABŞ və Rusiyada da rəsmi səviyyədə təlaş var…
Elə gün olmur ki, dünyada qiyamət günü ilə bağlı yeni məlumat dərc olunmasın. Daha çox Şərq insanının inandığı deyilən 21 dekabr tarixi ilə bağlı Qərb ölkələrində də qəribə proseslər cərəyan edir. Fransadan başlayaq. Rusiya mətbuatının yazdığına görə, Fransada insanlar Buqaraş dağının ətəklərinə və yamaclarına axışır. Polisdən və hərbçilərdən ibarət nəzarət-buraxılış kordonları isə vətəndaşların bura axınının qarşısını almağa çalışır. Axının yaşanmasının səbəbi isə on minlərlə fransızın, habelə digər millətlərdən olan insanların Buqaraş dağını son sığınacaq kimi görməsidir.
Hakimiyyət isə dekabrın 23-ə qədər həmin dağa yaxınlaşmağı yasaqlayıb. Xatırladaq ki, dağın ətəyində də Buqaraş adlı yüksəklik yerləşir və burada da 200-ə yaxın insan yaşayır. Onlar da kəndlərinə olan insan selindən narahatçılıq keçirirlər. Kəndin bələdiyyə rəhbəri isə inanır ki, bura gələnlərin arasında media mənsubları da çoxluq təşkil edəcək. Bu isə gələcəkdə kəndin turizm obyekti kimi məşhurlaşmasında rol oynayacaq.
Fransızların qiyamət gününə inanan kəsimi hesab edir ki, hündürlüyü 1231 metr olan bu dağın ətəyində yadplanetlilərin bazası var. Onların bu inancına görə, Korbyer dağ massivindəki Buqaraş yüksəkliyi "bəşəriyyətin son xilas yeri" olacaq. Bu inamın əsasında isə fransız yazıçısı Jül Vernin "Yerin mərkəzinə səyahət" romanı olub. Sözügedən roman məhz həmin dağa görə yazılıb. Bundan başqa, "Üçüncü səviyyəli yaxın təmaslar" filminin bəzi səhnələri də məhz o dağda çəkilib.
ABŞ hökuməti isə Mayya təqviminə görə, dünyanın 21 dekabrda yox olacağı ilə əlaqədar iddialardan təşvişə düşən xalqını sakitləşdirmək üçün hərəkətə keçib. Hökumət özünə aid rəsmi internet saytında (www.usa.gov) yazıb: "Dünyanın 2012-ci ildə yox olacağı ilə əlaqədar qorxunc iddialar yalnız quru və boş iddiadır".
Şərhdə, həmçinin bildirilib ki, internetdə Mayya təqviminin 21 dekabrda sona çatdığı (ki, çatmamaqdadır), bir quyruqlu ulduzun fəlakətə gətirib çıxaracağı (tamamilə səhvdir), bilinməyən bir planetin gizlicə dünyaya yaxınlaşıb toqquşacağı (qətiyyən doğru deyil) və buna bənzər bir çox iddialar yer alıb. Bu iddiaların çoxlu sayda adamın, xüsusilə də uşaqların dəhşətə düşməsinə səbəb olduğunu deyən hökumət yetkililəri ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) qiyamətlə əlaqədar minlərlə məktub aldığını, məktubların bəzilərinin yaxınlaşan son səbəbi ilə intihar etməyi düşünən insanlar tərəfindən yazıldığını qeyd edib.
ABŞ hökuməti dünyanın 21 dekabrda, ya da 2012-ci il bitmədən əvvəl hər hansı bir gün yox olmayacağını vurğulayıb. Yazılı bəyanatda bildirilib ki, planetlərin toqquşması üçün əvvəlcə 2012-ci ilin may ayı göstərilsə də həmin vaxt heç nə olmadığı üçün bu tarixi dekabr ayına "sürüşdürənlər" ortaya çıxıb: "Dekabrda da belə bir hadisə baş verməsə, görəsən, sonra dünyanın sonu üçün hansı tarixi deyəcəklər?"
Saytda NASA-nın iddiaları çürütmək üçün hazırladığı video üçün də link verilib.
NASA isə son günlərdə açıqlayıb ki, əgər planetlərin toqquşması xəbəri gerçək olsaydı, bu haqda alimlər ən azı 10 il əvvəldən nəsə bilərdilər. Bundan başqa, alimlər bildirib ki, əgər 21 dekabrda dünya ilə toqquşacaq olsaydı, Niburunu indidən açıq səmada görmək mümkün olardı.
Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov da 21 dekabrda qiyamətin qopacağı ilə bağlı iddiaları təkzib edib, Onun sözlərinə görə, təbiətdə insanlıq üçün bir çox təhdidlər olsa da bunlar qlobal bir problem yaratmır: "Rusiya dünya üzərindəki təbii hadisələri izləyə bilmək üçün bütün materiallara sahibdir. Əldəki məlumatlar universal fəlakətlərin 10-15 milyon ildə bir olduğunu göstərir. Dünya üzərində ən son belə təbii fəlakətlər bir neçə əsr əvvəl reallaşdı. Yaxın zamanlarda təbiət nizamında dəyişikliklər gözlənilə bilər, amma bunlar qlobal bir problem yaratmır".
Qar yağması, buzlanma, sel, daşqın və subasmalar kimi təbii fəlakətlərin Rusiyanın 24 saat yaşandığını deyən nazir daha sonra bunu bəyan edib: "Şübhəsiz ki, bunlar gələcəkdə baş verəcək hadisələrdir və biz bunlara hazırlaşmalıyıq".
Daha öncə də Rusiya Səhiyyə Nazirliyinin rəsmisi Gennadi Onişenko qiyamət ssenariləri ilə bağlı olaraq xalqın psixoloji sağlamlığının zədə aldığını demişdi: "Bu cür dedi-qoduları ortaya atanlar iddia etdikləri şeyləri 22 dekabr günü isbatlamalı olacaqlar".
Rusiya parlamentinin bir çox üzvləri də qiyamət xəbərləri ilə əlaqədar hərəkətə keçib. Müxalifət partiyası LDPR-dən olan Mixail Deqtaryov bu məsələ ilə bağlı həmkarları ilə görüşdüklərini, Rusiya televiziyalarına mövzu ilə bağlı xəbərlərdə həssas olmaları üçün məktub yazdığını bildirib.
Xatırladaq ki, Mayya tarixi 2012-ci il, dekabrın 21-də sona çatır. Bir çox insanlar bu tarixdə dünyanın sonunun gələcəyinə inanır. Bu söhbətlərdən faydalanmaq istəyən bəzi kəmfürsətlər isə qiyamət günündə "qorunmaq istəyən" axmaqların cibini "boşaltmaq" üçün ağıla gələn və gəlməyən hər bicliyə əl atır. Belə sarsaq adamlar üçün yeraltı sığınacaqlar təşkil edən kim, qiyamət günü lazım olacaq əşyaların (ərzaq, paltar, şam) alverinə qurşanan kim…
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB