Fala inanmıram deyənlər belə bəzən bu metodla gələcəyini öyrənmək cazibəsindən vaz keçə bilmirlər. İstənilən vaxtda icra oluna bilən fallar:
1. Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.
2. Əvvəllər gəlin üçün şax bəzənərdi. Bu, taxtadan, daha doğrusu, odundan düzəldilmiş və bütün çıxıntılarına mıx çalınmış konusvarı, təxminən 1-1,5 metr hündürlüyündə figur idi ki, bunu da müxtəlif şirniyyatla, qoz-badamla, meyvə ilə bəzəyirlər. Həmin şaxdan qoparılmış konfeti axşam yeyib yatanda, guya adam yuxuda öz qismətini görür.
3. Paltara sap ilişəndə onu götürüb şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq.
4. Bu falda dörd nəfər oğlan, bir nəfər qız nəzərdə tutulur. Kibrit qutusunun hər 4 tərəfinə bir kibrit çöpü salmaq lazımdır. Onlar oğlan adları ilə olur. Qutunun üstünü deşib, ora bir çöp salırlar. Bu qız adı ilə olur. Sonra çöplərin hamısını yandırırlar. Kənardakı çöplərin hansı ortadakına meyl etsə, deməli o oğlan qızı istəyir. Əgər heç biri meyl etmirsə, deməli istəmir.
5. Birinin kirpiyi üzünə düşəndə, soruşurlar ki, ürəyində bir arzu tut və de görək kirpiyin hansı üzündədir? Əgər düz tapsa arzusu çin olacaq.
6. Ay üç günlük olanda ürəyində bir arzu tut və hamı yatandan sonra eyvana çıxıb aya bax. Sonra uzanıb yat. İki gün təkrar elə. Üçüncü gün yuxuda ərə gedəcəyin oğlanı görəcəksən.
7. Üçqanadlı yarpaq götürmək lazımdır. İki qız iştirak edə bilər. Biri yarpağı əlində saxlayır və hər yarpağa onların hər ikisinin tanıdığı oğlan adları verir. O biri qız yarpağın birin çəkir. Üç dəfə bunu təkrar eliyirlər. Əgər hər üçündə eyni oğlan adı düşürsə, deməli, həmin oğlana qismət olacaq.
8. Saçın üstünə hər öz adına bir buğda atır və hərə üçlükdə bir arzu tutur. Kimin buğdası tez çırtdasa, onun sevdası baş tutacaq.
9. Kibrit qutusunun içinə tək və ya cüt sayda kibrit çöpü qoyursan. İstədiyin oğlandan kibrit çöpünün tək və ya cüt olduğunu soruşursan. Əgər düz tapsa, deməli o oğlana qismət olacaqsan.
10. Suda hər hansı bir şəxsin falına baxmaq üçün hər şeydən əvvəl işlənilməmiş müəyyən su qabı, cam götürülür. Bundan sonra yarım stəkan su götürüb həmin qaba tökmək lazımdır. Fala baxan şəxs fikrində, ürəyində falına baxdığı adamın adını tutmalıdır. Bu zaman suyun üzərində əmələ gələn ləkələrə görə adamın taleyindən xəbər vermək olar.
Dağ şəklində olan ləkələr falına baxılan adamın uzaq yola çıxacağını göstərir.
Quş şəklində olan ləkələr bu adama şad bir xəbər çatacağını bildirir.
Dairəvi şəkildə olan ləkələr bəd xəbər və ya göz yaşı bildirir.
Suyun üzəri ləkəsiz olduqda bir açıq yol və uzun ömür bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə