Müasir dünyada fəaliyyətləri barədə məlumat verilməyən bir neçə struktur mövcuddur ki, onların nümayəndələrinin dünya siyasətində rolu olduqca yüksək qiymətləndirilir. Belə təşkilatlardan Roma klubunu, Üçtərəfli komissiyanı, Beynəlxalq məsələlər üzrə şuranı, "Qrup"u və "Biz"i göstərmək mümkündür. Ümumən mason strukturuna malik qurumların sırasına 1954-cü ildə Rokfellerin təşəbbüsü ilə yaradılmış Bilderberq klubunu da əlavə etmək olar. Ümumən bu kluba diqqət böyükdür və mövcud xüsusiyyət əsasən üç vəziyyətlə əlaqələndirilir.
Birincisi məsələ birliyin fərdi tərkibidir. Heç bir şişirtməyə yol vermədən deyək ki, klubun üzvləri aparıcı ölkələrin, bütövlükdə dünyanın siyasi və iqtisadi inkişafını müəyyənləşdirən adamlardır. Bunlar Qərbin ən varlı və nüfuzlu ailələridir - bankirlər, sənayeçilər və media maqnatları.
Klubun bu və ya digər tədbirlərinə çağrılanlar da sonradan dövlətlərin başına gəlməsi nəzərdə tutulmuş insanlardır. Məsələn, 1991-ci ildə Arkanzas qubernatoru Bill Klinton bilderberqlərin baxışından müvəffəqiyyətlə keçərək prezident seçkisi kampaniyasında müvafiq dəstək əldə etmişdi. Analoji proseduru 1997-ci ildə Toni Bleer (İngiltərənin baş naziri) və 1999-cu ildə Romano Prodi Avropa Komissiyasının rəhbəri olmamışdan əvvəl keçmişdi. Barak Obama ilə Hillari Klintonun 2008-ci ildə Bilderberq klubunun fəal üzvü Diana Feynşteynin qəsrindəki gizli görüşündə isə ABŞ-ın 44-cü prezidentinin kimliyi məsələsi müzakirə olunmuşdu.
İkinci vəziyyət. Bu, dünya tarixinin gedişini nəzarətə götürməkdir. İş burasındadır ki, Bilderberq klubunun üzvləri dünyanın inkişafının özlərinə sərfəli həyati əhəmiyyətli məsələlərinin müzakirəsi üçün bir yerə toplaşırlar. Bir qayda olaraq onların çıxardıqları qərarlar dünya xalqlarının bərabərlik və ədalət haqqındakı oxşar anlayışları ilə üst-üstə düşmür. Hələ onu demirik ki, bu adamların maraqları suveren dövlətlərin məhvi ilə üzvü surətdə bağlıdır (Rusiyanın belə aqibətlə üzləşəcək dövlətlərdən biri olmasına şübhə yoxdur).
Belə alınır ki, bilderberqlərin dünyanın müxtəlif yerlərində gerçəkləşmiş hər görüşündən sonra ciddi dəyişikliklər baş verir: haradasa yeni münaqişə alovlanır, dəniz quldurları gəmiləri ələ keçirirlər, terrorçular dinc sakinləri qətlə yetirirlər və hansı yerdəsə iqtisadi böhran vüsət alır, beynəlxalq valyuta dəyərdən düşür.
Üçüncü vəziyyət. Klubun görüşləri tam məxfi şərtlər altında təşkil edilir. Mühüm tədbirlər olan zaman hamı susmaq məcburiyyətindədir. Bu, təhlükəsizlik səbəbindəndir. Ən başlıcası isə çalışırlar ki, görüşlər barədə kütləvi informasiya vasitələrinə bilgi sızmasın.
Maraqlıdır ki, bu, kiçik, möhkəm, qeyri-formal, konfidensial beynəlxalq forum səsvermə keçirmir və heç bir proqram sənəd qəbul etmir, amma ən vacib dünya hadisələrinin müzakirəsi naminə toplaşır. Məsələn, 31 may-3 iyun 2012-ci il tarixlərində ABŞ-ın Virciniya ştatının Şantil rayonundakı toplantıda transatlantik münasibətlər, aktiv iqtisadi nailiyyət imkanları, inkişaf etmiş dünyada demokratiyanın durumu, həmçinin ABŞ-ın və Avropanın siyasi landşaftının mümkün dəyişiklikləri gündəmə gətirilmşdi. Elə həmin görüşdə Birləşmiş Ştatların xarici siyasətinin problemləri, o cümlədən Yaxın Şərqdəki qeyri-sabitlik nəzərdən keçirilmişdi. Avronun vəziyyəti də diskussiya predmetinə çevrilmiş məsələlərdən idi. Amma başlıca məqamlar aşağıdakılar olmuşdu:
- Putin-2 (Putinin ikinci hakimiyyət dövrü) nə deməkdir?
- Qərb İranla nə edə bilər?
- Suveren dövlətlər kiberməkanda necə əməkdaşlıq edirlər?
- Çinin iqtisadi və siyasi əhatə dairəsi necədir?
Bilderberq klubunun maraqları doğrudan da qlobaldır. Klubun konfransları adətən ildə bir dəfə may-iyun aylarında baş tutur. Onlar kifayət qədər geniş miqyaslı tədbirdir: bəzən iştirakçıların sayı 300 nəfərədək çatır. Amma klubun daimi üzvlərinin sayı 120-ni keçmir. Ümumən iştirakçıların üçdə ikisi Avropanın nümayəndələridir. Yerdə qalanları isə Şimali Amerikadandır. Kluba üzvlük üçün kapital və siyasət arasındakı müəyyənləşdirmə faizinə diqqət yetirsək, iri biznes üçdə iki, siyasət üçdə bir faizlə təmsil olunur. Bu görüşlər əvvəlcədən planlaşdırılır. Onlar haqqında jurnalistlər ucdan-qulaqdan məlumatlı olurlar. Amma bəzən ən zəruri məsələlərlə bağlı təcili toplantılar da olur ki, vaciblik özünü ilk növbədə iştirakçıların say tərkibinin kəskin aşağı düşməsində göstərir.
Belə görüşlərdən biri də 2012-ci ilin noyabrında Romada baş tutdu. Dolayısıyla əldə edilmiş məlumatlara görə, görüşdə Avropanın cənubundakı, xüsusən də İtaliyadakı böhranlı vəziyyət müzakirəyə çıxarılıb. Bu yerdə bir misalı xatırlayaq: əgər nəyisə gizlətmək istəyirsənsə, onu hamının gözünün qabağına qoy. Bilderberqlər görünür, deyimi yaxşı mənimsəyiblər. Məsələ burasındadır ki, sözügedən toplantı Romadakı təmtərağı ilə göz oxşayan, kübar adamların məkanı sayılan "De Russie" hotelində baş tutub. Həmin vaxt "De Russie"də məşhur Roma kinofestivalının iştirakçıları olan tanınmış simalar da gecələyiblər. Jurnalistlərin diqqəti də məhz onlara yönəlib. Yəni, məsələ belə hesablanıb ki, əgər informasiya sızması baş versə də, medianın nəzərləri nüfuzlu kino xadimlərinə yönəlsin. Bu müddətdə Bilderberqlər diqqətdən yayınaraq özlərinin gizli görüşlərini keçirməyə müvəffəq olublar.
Amma belə ehtiyatlılığa baxmayaraq İtaliya jurnalistləri klubun Roma görüşü barədə müəyyən bilgi toplamağı bacarıblar. Məlum olub ki, tədbirə qurumun 80 üzvü çağrılıb. Həmin şəxslərin əksəriyyəti təşkilat komitəsinə daxil olanlardır. Müzakirəyə çıxarılan başlıca mövzu İtaliya ilə yanaşı İspaniyanı və Yunanıstanı cənginə almış iqtisadi böhran olub. Gizli görüşdə İtaliyanın Nazirlər Kabineti demək olar, tam tərkibdə iştirak edib. Bununla bərabər, ölkənin media maqnatları və nüfuzlu holdinqlərinin rəhbərləri də toplantıya qatılıblar ki, bu, diskussiya predmetinə çevrilmiş məsələlərin həddən artıq aktuallığından xəbər verir.
Göründüyü kimi, "gizli bağda" "nadir kəpənəklər" heç də əbəs yerə uçmurlar. Bir çox KİV-lər Bilderberq klubunun gizli görüşünün əsas məqsədi ilə bağlı müxtəlif fikirlər qələmə alsalar da, başlıca məsələnin İtaliya, İspaniya və Yunanıstan üzrə yeni komissarın təyinatından ibarət olduğunu vurğulayanlar da var. Bundan sonra Avropanın böhranlı vəziyyətinin hansı səmtə yön alacağını proqnozlaşdırmaq çətinlik törətsə də, başlıca məqam Bilderberq klubunun iclaslarının istənilən digər beynəlxalq qurumun toplantısından daha məhsuldar keçməsi və konkret nəticələr verə bilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB