"Qiyamət"dən qorunacaq 2 kəndə kütləvi axın başlayıb; Türkiyə məmnun, Fransa narahatdır
Dekabrın 21-də qiyamətin baş verəcəyi ilə bağlı tibetli kahin Dalay Lamanın NASA-ya ünvanladığı müraciət dünyada narahatlıq yaradıb. Müxtəlif ölkələrdən qiyamətlə bağlı müxtəlif açıqlamalar gəldiyi bir vaxtda ayrı-ayrı ölkələrdə insanların 21 dekabra özünəməxsus tərzdə hazırlaşması diqqəti cəlb edir.
NASA 21 dekabrla bağlı narahatlıqları aradan qaldırmaq məqsədilə ictimaiyyəti maarifləndirmək üçün kampaniyaya başlayıb. Artıq qurumun internet saytında fəlakət açıqlamalarının heç bir əsasının olmadığına dair silsilə materiallar yerləşdirilir. NASA-nın açıqlamasına görə, dünyanın heç bir ciddi elm adamı 21 dekabrda dünyanın qaranlığa qərq olacağını söyləmir: "Dünya 4 milyard ildir ki, var".
Qiyamət günü ilə bağlı iddialara Rusiya Meteorologiya Mərkəzinin rəhbərliyi də reaksiya verib. Mərkəzin rəhbəri Roman Vilfand "21 dekabrda heç bir təbii fəlakət baş verməyəcək" deyə vurğulayıb. Həmin gün gündüz işığının azalacağını və bunun 22 dekabr qədər davam edəcəyini deyən Vilfand bundan başqa 21 dekabrda heç bir təhlükənin gözləmədiyini bildirib.
Nə qədər qəribə olsa da, dünyanın müxtəlif ölkələrində keçirilən rəy sorğuları insanları qiyamətin yaxınlaşdığına inandığını göstərir. Rəyi sorğularında hər 10 nəfərindən biri qiyamətin məhz 2012-ci il dekabrın 21-də qopacağına inanır.
21 dekabrda gözlənilənlərlə bağlı fərqli fikirlər də var. Rusiya mətbuatında yayılan məlumata görə, Amerika və Böyük Britaniya həmin gün üçün xüsusi plan hazırlayıb. Hətta bu gün həmin ölkələrdə hərbi vəziyyətin elan olunacağı, ərzaq ehtiyatının toplanacağı, əhaliyə ərzaq talonlarının paylanacağını iddia edənlər var. Məlumata görə, təkcə bu il ərzində ABŞ 1 milyard 400 milyon patron satın alıb, ölkəyə qayıdan hərbçilər hərbi xidmətdən azad edilməyərək bazalarda saxlanır. Hərbi diktatura üçün hər şeyin hazır olduğu, planın icrası üçün dünyada internetin söndürüləcəyi, naviqasiya və mobil əlaqənin sıradan çıxarılacağı xəbər verilir.
Türkiyədə də qiyamətin olmayacağına dair rəsmi açıqlama verilsə də, bu xəbərlər turizm sektorunu canlandırıb. Bu isə İzmirin Səlcuk bölgəsindəki Şirincə kəndinin qiyamətdən qorunmaq üçün təhlükəsiz ərazi güman edilməsi ilə bağlıdır. "Blue Energy Group" adlı qurumun yaydığı məlumata görə, dekabrın 21-də Türkiyənin Şirincə və Fransanın Bugaraş kəndləri mühafizə olunacaq. Artıq Türkiyənin Şirincə kəndinə turist səfərləri başlayıb. Turizm obyektlərində boş yerin olmadığı bildirilir. Fransa isə Buqaraş kəndi ilə bağlı tədbir görmək məcburiyyətində qalıb. Yerli orqanların qərarı ilə dekabrın 18-22-də əraziyə daxil olmaq məhdudlaşdırılacaq. Bu isə qiyamətdən qorunmaq istəyənlərin bölgəyə axınının qarşısını almaq üçün nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB