Maldiv Hind okeanının mərkəzində yerləşən adalar qrupundan ibarət bir ölkədir. Adalardan ən böyüyünün sahəsi 13 kv/km. Ərazisinin ən yüksək nöqtəsi isə dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə yerləşir. Adalar qrupunun şimaldan cənuba qədər uzunluğu 820 km, qərbdən şərqə qədər olan eni isə 220 km-dir.
Ölkə ərazisinin sahəsi 300 kv/km, əhalisinin sayı isə 350 min nəfərdir. Əhalinin əksəriyyəti İslam dininə mənsubdur. Maldiv xalqı müsəlman olaraq sünni mənsəbinə mənsubdur. İslam dininin adət və ənənələri burada ciddi qorunur. Maldivdə əvvəlcə buddistlər məskunlaşıb. Daha sonralar ərəb taciri Əbul Barakhat Əl-Bar Barinin təbliği ilə əhali İslam dinini qəbul edib. Zaman-zaman Portuqaliya və Hollandiyanın hücumuna məruz qalan ada 75 il ingilislərin müstəmləkəsi altında olub.1965-ci ilin 26 iyulunda isə müstəqillik qazanıb. 1968-ci ildən isə respublika quruluş forması ilə idarə olunmağa başlanıb. Ölkənin paytaxtı Maledir. Paytaxt və liman şəhəri olması ilə əlaqədar olaraq, Male ölkənin ən yaxşı inkişaf etmiş şəhəridir. Paytaxt əhalisinin sayı 80 min nəfərdir. Əhalinin etnik tərkibi pakistanlılar, hindlilər, ərəblər və sinqalardan ibarətdir. Dövlət dili Maldiv Dhivehi (sinqa ləhcəsi) və ingilis dilidir. Pul vahidi rufiyadır. Ordusu isə yoxdur. Maldiv adaları BMT-nin üzvüdür. Maldivi formalaşdıran adaların sayı 1200-dür. Bu adalardan yalnız 202-də həyat var və yalnız bu adalar turist qəbul edir. Digər 1000 adada isə insan məskən salmayıb. Bir ada tamamilə həbsxana kimi istifadə edilir. Adanın yeganə sakinləri, demək olar ki, məhbuslardır. Başqa bir ada isə neft anbarına çevrilib. Ölkə adalardan ibarət olduğu üçün burada quru nəqliyyatı çox az inkişaf edib. Buna görə də yerdə görməyə adət etdiyimiz taksilər burada hava yolu ilə xidmət göstərir. Bizim üçün qəribə görünsə də, taksilər hava vasitəsilə sərnişinləri ünvanına çatdırır. Bu sahənin Maldivdə inkişaf etdiyini deyə bilərik. Digər tərəfdən, bu, mənzilə çatmağın ən qısa yoludur. Təbiətin maldivlilərə başqa seçim imkanı vermədiyini də söyləmək lazımdır.
İsti hava şəraitini sevənlər üçün Maldiv ideal ölkədir. Çünki burada il boyu yay fəsli dominantlıq edir.
Tropik iqlimi olan adada hava musson yağışlarının təsiri ilə noyabrdan martadək quru, iyundan avqustadək isə yağışlı keçir. İlboyu isti hava hökm sürür. Havanın temperaturu +25-30, suyun temperaturu isə +25-33 dərəcə arasında dəyişir. Maldiv Respublikası əsrarəngiz sualtı dünyası ilə məşhurdur. Sualtı gözəllikləri buradan başqa heç bir yerdə görə bilməzsiniz. Maldiv akvalanqçılar üçün əsl "Məkkə" adlandırılır. Üzməyi bacaran turistlər ekzotik dəniz cəngəlliyinə səyahət edib, müxtəlif növ ekvatorial canlı heyvanları, rif köpək balığı, ilanbalığı, durnabalığı, nəhəng su tısbağası, səkkizayaqlı ilbizi yaxından görə bilər. Qeyd edək ki, Maldiv adalarının hər birində İslam incəsənətinin nümunələrini görmək mümkündür. Asiyada ən məşhur və böyük məscidlərdən biri paytaxt Maledə yerləşir. Sultan sarayına, mərkəzi məscidə, balıq və suvenir bazarlarına tez-tez səyahətlər təşkil edilir.
Məlumat üçün bildirək ki, Maldiv adalarında turizm 1970-ci illərdən başlayaraq inkişaf etməyə başlayıb. Turizm və balıqçılıq Maldiv iqtisadiyyatının ayrılmaz hissəsidir. 2004-cü ilin 26 dekabrında Hind okeanında olan sunami dalğası Maldiv adalarına da böyük ziyan vurdu. Buna baxmayaraq, ada yavaş-yavaş turizmə dəyən ziyanı aradan qaldırmaqdadır. Əsas nəqliyyat vasitələri yelkənli və motorlu qayıqlardır. Nəqliyyat daşınmalarının böyük hissəsi dəniz təyyarələri, helikopterlər və katerlərlə reallaşır. Adaların hər birinə keçid 1.5-2 saata qədər vaxt ala bilər. Geniş gəzinti üçün böyük qayıqlardan "vedis"lərdən istifadə edirlər. Bu adalarda taksi çox bahadır və onlardan yalnız paytaxt Maledə və Qan adasında istifadə edilir. Bunu xüsusilə qeyd edək ki, Maldivdə şəriət qanunlarına ciddi əməl edilir. Ölkəyə özünlə bərabər spirtli içki, donuz əti gətirmək qadağandır və cəzası böyükdür. Turistlər içkini ancaq restoran, kafe və otellərdə içə bilərlər. Əgər siz əsrarəngiz okeanda balıq tutmaq istəyirsinizsə, 35-40 ABŞ dolları ödəməli olacaqsınız. Burada SPA salonları da geniş yayılıb. Hər otelin özünün belə mərkəzləri var. Üstəlik, tennis, voleybol üçün də meydançalar açılıb.
Maldiv mətbəxinə gəlincə isə vurğulayaq ki, Maldiv xörəkləri ərəb və hind mətbəxinin qarışığından ibarətdir. Milli mətbəxdə dəniz məhsulları, düyü, ədvalar və acı souslardan geniş istifadə olunur. Ən sevimli yeməkləri tunes (iri yırtıcı balıq) və düyüdən hazırlanır. Maldivlər tunes balığı ilə olan yeməkləri kokos və istiotdan hazırlanmış sousla süfrəyə verməyi çox sevirlər. Hisə verilmiş balıq "xikimas", balıqdan hazırlanmış piroq "kuli borkiba", kokos və soğan "badciya", milli balıq şorbası düyü ilə "qarudiya", tunes balığı və kokosdan hazırlanmış kotlet "qulu", balıq paşteti "rihaukuru", istiot və sarımsaqlı qızartma balıq "teluli mae" və s. kimi milli xörəklərin də dadına baxa bilərsiniz. Toyuq və mal ətindən bayramlarda xüsusi yeməkləri hazırlamaq üçün istifadə edirlər. Maldivlər düyünü kokos və süddə, müxtəlif tərəvəzlərlə, dəniz və çörək ağacının məhsulları, banan, manqo, qabaq və şirin kartofla hazırlayırlar. Ən məşhur içkiləri südlü çay və ərəb üsulu ilə hazırlanmış qəhvədir. Qara çaydan çox az istifadə edirlər. Günəşin isti şüaları altında sərinləmək üçün müxtəlif meyvələrdən, şirin palma və palma südündən hazırlanmış şirə və yerli şirin süd "kiru sarbat" içə bilərsiniz.
Paytaxt Male alış-verişi sevənlər üçün əlverişli məkandır. Turistlərin sevdiyi ən məşhur suvenirlər köynək, şərf, saronqi, açıqca, balıqqulağı, ağacdan və mərcandan hazırlanmış suvenirlər, kiçik xalçalar, köpək balığı çənəsi və kokos yağıdır. Maldiv adalarından ən gözəl hədiyyə ağacdan hazırlanmış qara-qırmızı heykəlciklər də ola bilər. Mərcandan hazırlanmış büjiteriyalar günəşli adadan ən maraqlı nümunədir. Adadan həm də uyğun qiymətə sualtı ləvazimatlar da gətirmək mümkündür. Əgər siz alış-veriş üçün Maleni seçirsinizsə, cümə və şənbə günləri getməyiniz məsləhət deyil. Çünki həmin günlər istirahət günləridir. Vergidən azad olunmuş "Dduty-free" mağazalarında alış-veriş etmək istəyirsinizsə, Beynəlxalq Male Hava Limanı ən ideal məkandır.
Qeyd edək ki, Maldivə ən çox turist Avropadan gəlir. Turistlər arasında ingilis və almanlar üstünlük təşkil edirlər. Maldivlərdə xüsusi təsis olunan Kurumba adası hökumət və dövlət başçılarının da istirahət etməyə üstünlük verdikləri məkanlardan biridir. Kurumba sözünün mənası -yetişməmiş hind qozu deməkdir. Ada bu meyvə ağacları ilə doludur. Adaya gələn qonaqlar üçün təqdim edilən içki məhz kurumbadan hazırlanır. Kurumbada turistlər üçün çoxlu istirahət mərkəzləri inşa edilib. Bunu bura gələn siyasətçilərin adları təsdiq edir. Məşhur siyasətçilər arasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, ABŞ-ın eks-prezidentləri Bill Klinton və ata Buşun adları da var. Siyasi xadimlər Kurumbada \"Şərəf\" dəftərinə xatirə sözlərini yazmağı da unutmurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə