Bir sıra Avropa ölkələrində artıq xeyli müddətdir yaşanan iqtisadi böhran avronun məzənnəsinə də öz təsirini göstərməkdədir. Hazırda avronun ABŞ dollarına nisbətdə xeyli ucuzlaşması müşahidə edilir. Doğrudur, hələ ki, avronun qiyməti dollardan yüksək olaraq qalır. Eyni zamanda, bir məqamı da qeyd etmək gərəkdir ki, Avropa Birliyinin əsas pul vahidinin məzənnəsinin artıb-azalması əvvəllər də müşahidə edilirdi. Lakin ümumlikdə son bir neçə ildə avro dollara nisbətdə daha möhkəm və dönərli valyuta sayılırdı.


Avronun məzənnəsi sürətlə dəyişir


Diqqəti çəkən odur ki, avronun əsas dünya valyutalarına olan kursu son günlərdə daha sürətlə aşağı düşməyə başlayıb. Bu, açıq etiraf edilməsə də, əslində, AVropada yaşanan ciddi maliyyə böhranına işarədir. Xüsusən, avro Amerika dollarına nisbətən məzənnəsinin sürətlə dəyişməsi nəzərə çarpır.

İqtisadi statistikaya görə, hazırda dünya ticarətinin 60 faizə qədəri dollarla həyata keçirilir. Eyni zamanda, dünya ölkələrinin valyuta ehtiyatlarının da 62 faizi dollar hesabı ilə cəmlənib. Bu baxımdan, Amerikanın özündə də iqtisadi inkişaf sürətinin xeyli zəifləməsi nəzərə çarpsa da, bu, dolların kursuna elə də ciddi təsir etmir. Avroya münasibətdə isə vəziyyət bir qədər fərqlidir. Avropanın valyutası beynəlxalq bazara geniş nüfuz etsə də, isə coğrafi baxımdan daha məhdud ərazidə istifadə olunur. Bu səbəbdən, Avropada baş verən iqtisadi geriləmə özünü avronun kursunda daha qabarıq şəkildə biruzə verir.


İqtisadi geriləmənin aşkar təzahürü

Əslində, Avrozonada baş verən iqtisadi geriləmə təmayülü Avropanın vahid valyutası üçün heç də müsbət gələcək vəd etmir. Dollara nisbətən mövqelərini itirən avronun manata nisbətdə də məzənnəsi azalmaqdadır. Belə ki, son qiymətləndirmə əsasında Azərbaycan Mərkəzi Bankı avronun məzənnəsini 1.0017 manat müəyyənləşdirib.

Ümumiyyətlə, burada bir sıra maraqlı suallar ortaya çıxır ki, onların adekvat cavablandırılması avronun vəziyyətini aydınlaşdırmaq baxımından kifayət qədər əhəmiyyətlidir. Sual edilə bilər: nə baş verir? Avro niyə qəfildən belə kəskin şəkildə ucuzlaşmaca başlayıb? Bu aşkar infliyasiya Avropa və dünya iqtisadiyyatına necə təsir göstərəcək? Avronun ucuzlaşması məqsədli bir prosesdir, yoxsa Avropada maliyyə münasibətlərinin idarə olunmasında yaranan ziddiyyətlərdən, qeyri-müəyyənlikdən xəbər verir?


Avropa valyutasının kursu dəyişkən, nisbətən az etibarlıdır


Bəlli olan odur ki, avrozonada statistik qiymətləndirmə, o cümlədən, mərkəzləşdirilmiş sosial-iqtisadi proqnozlaşdırma ABŞ-la müqayisədə əhəmiyyətli dərəcədə zəifdir. Bu da avronun kursunun dəyişkən, dinamik, nisbətən az etibarlı olmasını şərtləndirir. Bu, Amerika valyutasının avroya nisbətdə bahalaşmasını şərtləndirən əsas amillərdən biridir. Bununla yanaşı, avronun ucuzlaşmasının digər əsas səbəbi Avropada işgüzar fəallığın zəifləməsi ilə də izah edilə bilər.

İqtisadi fəallığın nisbətən aşağı düşməsində sosial-demoqrafik problemlər, Avropada əhalinin "qocalması" da mühüm rol oynayır. Əvvəllər avropalılar bu problemi, əsasən, Şərq ölkəlrindən tədrici mirasiyanı stimulaşdırmaqla həll etməyə çalışırdılarsa, indi buna ciddi məhdudiyyətlər qoyulub. Yunanıstanda, Portuqaliyada, İtaliyada və bir sıra digər Avropa ölkələrində yaranan maliyyə problemləri və işsizliyin artması da son nəticədə öz sözünü deyir. Hələlik, görünən odur ki, Avropa ölkələri bu problemi həll edə bilmədiyindən avro bir müddət ucuzlaşmaqda davam edəcək.


ABŞ dollarının mövqeyi xeyli güclənəcək


Bunun fonunda dollar mövqeyini xeyli gücləndirəcək ki, bu da ABŞ-dan idxal olunan müxtəlif əmtəələrin qiymətinin qismən artmasına gətirib çıxara bilər.

Reallıq isə bundan ibarətdir ki, təkcə son 10 gündə avronun dollara nisbətən məzənnəsi 6-7 faiz zəifləyib. Dünya bazarında avronun məzənnəsində bu son 6 ayda ən aşağı hədd hesab edilir. Azərbaycanın valyuta bazarında avronun məzənnəsi artıq demək olar ki, manatın məzənnəsi ilə eynidir.

Avronun məzənnəsinin dollara nisbətən kəskin aşağı düşməsini şərtləndirən amillər sırasında Yunanıstanda son seçimlərdən sonra hökumətin formalaşdırıla bilməməsi, Fransada solçuların qalib gəlməsindən sonra Avropada xərclərin azaldılması proqramının reallaşdırılmasının sual altına düşməsi, eləcə də İtaliya və İspaniyada müşahidə edilən bank böhranı önə çəkilir. Yunanıstanda dövlət, faktiki olaraq, müflisləşmə təhlükəsi qarşısındadır. Bu ölkədə hökumət böhranı səbəbindən Beynəlxalq Valyuta Fondu və Avropa Birliyinin Yunanıstana yardım proqramları dayandırılıb. Fransa isə hələlik Avropa Birliyinin radikal-maliyyə proqramlarına münasibət bildirməyə tələsmir.


Avrozonanın gələcəyi…


Ortada ciddi fikir ayrılıqları var


Fransa Avropa Birliyində Böyük Britaniya və Almaniya birlikdə 3 ən aparıcı dövlətdən biri heab edilir və bu ölkənin Avropanın maliyyə bazarına təsiri kifayət qədər böyükdür. Bu baxımdan, AB-nin qənaət proqramlarına qoşulmaması avrozonada ciddi böhran vəziyyəti yarada bilər. Odur ki, hazırki şəraitdə Fransanın yeni hökumətinin mövqeyi avronun gələcəyi üçün həlledici hesab edilir.

Yunanıstan və İspaniyada böhrana qarşı həyata keçirilən tədbirlərin səmərəli olmaması artıq avrozonanın gələcəyi ilə bağlı ciddi fikir ayrılıqlarına səbəb olub. Avrozonada qalmaq sözügedən ölkələrdə, xüsusən də Yunanıstanda dövlət xərclərinin azaltmaq imkanlarını heçə endirir. Belə vəziyyətdə, avronun ortaq valyuta kimi, dövriyyədən çıxarılması istisna deyil.


Qızıla tələbat artır


Ümumilikdə, dünya valyuta bazarında baş verən dəyişikliklər rezervlərin valyutada saxlanması riskini artırır. Bir sıra ölkələr, Ukrayna, Rusiya, Belorus və digərləri dövlət ehtiyatlarını əhəmiyyətli hissəsinin qızılda saxlanması barədə götür-qoy edirlər. Ukrayna artıq müvafiq qərar qəbul edib. Bu baxımdan,Dövlət Neft Fondunun da adekvat addımlar atacağı istisna edilmir.


Təbii ki, avronun ucuzlaşması müəyyən mənada Azərbaycana da təsir göstərir və bu təsir müxtəlif sahələrdə, istiqamətlərdə özünü biruzə verir. Bu bir reallıqdır ki, avronun ucuzlaşması Avropadan gətirilən malların qiymətinə də təsir göstərir. Belə olduqda Avropadan idxal olunan mallar ucuzlaşır. Təcrübə göstərir ki, bu tipli ucuzlaşma bir qədər simvolik xarakter daşıyır, infliyasiya göstəricilərin qapayır və çox da böyük məbləğlərlə ifadə olunmur.


Almaniya avtomobilləri də ucuzlaşa bilər


İstənilən halda, avronun ucuzlaşması Avropadan gətirilən məhsulların, o cümlədən avtomobillərin, məişət avadanlıqlarının qiymətinə təsir edir. Əgər avronun ucuzlaşması davam edərsə, yaxın müddətə Avropa avtomobillərinin, xüsusən də Azərbaycanda kifayət qədər geniş yayılan Almaniya maşınlarının ucuzlaşmasını kifayət qədər real görünür. Azərbaycan idxalının 60 faizə qədərini, ixracının isə yarısını Avropa ölkələrilə aparır. Avro ilə alınaraq Azərbaycana gətirilən mallar əsasən dərman vasitələri, ərzaq məhsulları, yuyucu vasitələr, mebel və maşınlardır.

Avronun ucuzlaşması Yunanıstandan başlayaraq, digər Avropa ölkələrini əhatə edən borc böhranının təzahürü kimi özünü göstərir. Hazırda bütün Avropa üçün ciddi problemə çevrilmiş borc məsələsi bir sıra ölkələrin iqtisadiyyatını çökdürməkdədir. Bu, eyni zamanda, bir müddət əvvəl baş verən qlobal iqtisadi böhran tendensiyasının davamı kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...