Ölkəmizdə qeyri-neft sektorunun inkişafı və xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı işlər prioritet məsələlərdən hesab edilir. Ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması" haqqında imzaladığı fərmanın şərtlərinə uyğun olaraq ölkəmizin müxtəlif bölgələrində belə zonaların formalaşdırılması məsələsi gündəmə gəlib. Ölkə Prezidentinin imzaladığı sənəddə ölkə iqtisadiyyatının və ayrı-ayrı regionların inkişafının daha sürətləndirilməsi, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərin yaradılması, xarici investisiyalarının qeyri-neft sektoruna yönəldilməsinin dəstəklənməsi, rəqabət qabiliyyətininin artırılması kimi vacib məsələlərə toxunulub.
Qeyd edək ki, xüsusi iqtisadi zonalar (XİZ) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi ərazi hesab olunur. Xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkilindən ibarətdir. Ölkəmizdə xüsusi iqtisadi zonaların yaradılması ideyası təqdirə layiqdir. Burada söhbət hökuməti prioritet sahə kimi qəbul etdiyi qeyri-neft sektorunun inkişafını stimullaşdırmaqdan gedir.
Təbii ki, belə zonaların yaradılmasının müsbət təsirləri yalnız bununla məhdudlaşmır. Xüsusi iqtisadi zonalar ölkənin səciyyəvi iqtisadi qanunlarından daha liberal qanunlara malik olan coğrafi ərazidir. Adətən belə zonaların yaradılmasında məqsəd daha çox xarici investisiya cəlb etməkdir. İlk belə zona ötən əsrin 80-ci illərin əvvəllərində Çində Şenzen ərazisində yaradılmışdır. Bu zonanın yaradılması nəticəsində Şenzen 20 il ərzində kiçik kənddən 10 milyon əhalisi olan şəhərə çevrilmişdir. Çindən başqa belə zonalara Hindistanda, Polşada, Qazaxıstanda, Rusiyada Filippində və başqa ölkələrdə rast gəlinib. ABŞ-da belə zonalar "Şəhər Sahibkarlıq Zonaları" kimi adlandırılır. Dünya Bankının məlumatlarına görə, 2012-ci ilin əvvəlinə dünyanın 120 ölkəsində 3500-dən artıq belə zonalar yaradılıb. Yalnız Hindistanda belə zonaların sayı 240-dır və onların yaxın iki ildə 500-ə çatdırılması nəzərdə tutulur. Xüsusi iqtisadi zonalar xüsusi vergi güzəştlərinə, xarici ticarət əməliyyatlarında daha böyük müstəqilliyə malik olmaqla ixraca yönəlik istehsal sahələrin yaradılmasına xidmət edir. Azərbaycanda belə zonaların yaradılması bir sıra iqtisadi və sosial üstünlüklərə malikdir. Əvvəla xüsusi zonanın yaradılması həmin əraziyə xarici investisiya axının sürətləndirəcək və bu təbii ki, yeni sənaye müəssisələrin yaradılmasına gətirib çıxaracaq. Bu isə yeni iş yerlərinin yaradılması və məşğulluq problemin həllinə yardım deməkdir. İkincisi belə zonaların yaradılması regional inkişaf probleminin həllinə təkan verəcək. Dövlət büdcəsi vergilərinin toplanmasında Bakını payına çox olduğunu nəzərə aldıqda, biznesin paytaxtda çəkisinin çox olduğu aydınlaşır. Xüsusi iqtisadi zonaların yaradılması həmin ərazilərdə yeni infrastrukturun formalaşmasına gətirib çıxaracaq. Bu baxımdan xarici investisiyanın regionlara axması və orada yeni iş yerlərinin yaradılması rayonların sosial inkişafına təkan verə bilər. Belə zonaların yaradılmasının başqa üstünlüyü idxala deyil ixraca yönümlü iqtisadiyyatın formalaşmasıdır.
Xüsusi iqtisadi zonalar yaradılan zaman hansı regionların seçilməsi olduqca vacibdir. Bu həmin zonaların müvəffəqiyyətinə ciddi təsir göstərir. Bu baxımdan region seçilən zaman yalnız iqtisadi faktorlar deyil, həmçinin siyasi amillər də nəzərə alınmalıdır. Başqa tərəfdən, xüsusi iqtisadi zonalar ticarət zonaları kimi baxmaq düzgün deyil. Bu zonalardan danışılanda Dubay modeli daha çox xatırlanır. Əlbəttə, Dubay şəhərinin inkişafı uğurlu modellərdən biridir. Amma bu model daha çox xüsusi ticarət zonası mexanizmi üzərində qurulub. Ölkəmizdə isə daha çox xarici investisiyanı cəlb etmək məqsədilə belə zonalar yaradılması planlaşdırılır. Digər tərəfdən Azərbaycanı Birləşmiş Ərəb Əmirliyi ilə müqayisə etmək də düzgün deyildir. Buna görə də, belə zonalar seçilən zaman xarici investisiya cəlb etmək imkanları araşdırmalıdır. Hazırda Naxçıvan MR, Lənkəranda belə zonaların yaradılması məsələsi müzakirə edilir Cənub bölgəsi, o cümlədən Lənkəran İranla sərhəddə yerləşir və kifayət qədər geopolitik məsələdir. Regionda baş verən proseslər göstərir ki, İranla Qərb ölkələri, xüsusən də ABŞ arasında gərginlik artır və problemin yaxın illərdə həll edilməsi ilə bağlı nikbin proqnozlar da yoxdur. Xarici investorlar isə potensial gərginlik ocağına yaxın əraziyə böyük həcmdə kapital qoymayacaqlar. Bunu İraqda son illər baş verənlər də təsdiq edir. Xarici investorlar siyasi risklərdən sığortalanmış ərazilərə kapital qoymaqda maraqlıdırlar. Buna görə də, cənub bölgəsində xüsusi zonanın yaradılmasına cəhd xarici investisiyanı cəlb etmək baxımından neqativ nəticələrə gətirib çıxara bilər. Buna görə də, xüsusi iqtisadi rayonlarının yaradılması üçün indiki şəraitdə Naxçıvan MR və Azərbaycanın Mərkəzi rayonları daha çox müqayisəli üstünlüyə malikdir. Eyni zamanda, ixtisaslı kadrlara olan tələbatın qarşılanması baxımdan zonanın iri şəhərə yaxın formalaşdırılması da vacibdir.
Doğrudur, xüsusi zonaların əsas özəlliyi liberal qaydaların və eləcə də vergi güzəştlərin tətbiq edilməsidir. Amma burada dövlətin itkilərindən danışmaq doğru deyildir. Əvvəla həmin zonalarda fəaliyyət göstərən müəssisələr bir sıra vergilər o cümlədən fiziki şəxslərin gəlir vergisini ödəyirlər və faktiki olaraq, dövlət heç də bütün vergi mənbələrindən mərhum olmur. Ən əsası isə odur ki, dövlət bu zonaları yaratmaqla məşğulluq, regional inkişaf kimi ağrılı problemlərin həllinə ciddi yardım etmiş olur. Bu isə belə layihələrin əhəmiyyətini göstərən faktorlardandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB