Olland kimlərin işinə yarayacaq?

Olland kimlərin işinə yarayacaq?

Fransızlar adət etmədikləri bir seçki yaşadılar. Kürsüdəki dövlət başçısının qazanacağı gözlənildiyi halda, seçkidən müxalifətdən olan bir namizəd qalib çıxdı. İqtidardakı namizəd bir zamanlar müxalifət liderlər arasında "zəif halqa" hesab edilən siyasətçiyə məğlub oldu. Avropa Birliyinin (AB) lokomotivi olan ölkəsini Almaniyanın "vaqonu" vəziyyətinə salan dövlət başçısının İslamofobiya yaratma oyunları baş tutmadı. Bütün masaaltı oyunlarına baxmayaraq, erməni səslərinin rəqibinə getməsinə maneə ola bilmədi.

Xanımının kölgəsində qalan adama prezidentlik kürsüsünü hədiyyə etdi

Seçkidən xeyli müddət əvvəl sosialistlərin güclü namizədi, Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti Dominik Stross Kan Nyu-York otellərinin birində qalmaqallı zorlama hadisəsi ilə gözdən düşürüldü və siyasi karyerasının üzərindən xətt çəkildi. Sürətlə çıxdığı pillələri, eyni templə enən Nikola Sarkozi bu hadisənin başlıca təşkilatçısı hesab olunurdu.

Bu və ya digər halda belə Sosialist Partiyası daxilində Ollandın ən güclü rəqibini yarışdan kənarlaşdıran N. Sarkozi bunun bədəlini ağır ödədi. Kanın yerinə namizəd olan Fransua Jerar Jorj Olland Yelisey Sarayının yeni sahibi oldu. Bir vaxtlar siyasətçi xanımı Saqolen Ruayallanın kölgəsində qalan bir adama Sarkozi prezidentlik kürsüsünü hədiyyə etmiş oldu.

Böyük siyasi səhv

Prezident seçkisinin ikinci turunda sosialistlər Kommunist Partiyası və Fransanın Yaşıllar-Avropa Ekologiya (EELV) partiyası ilə birgə seçkiyə getdi. Nikola Sarkozinin Xalq Hərəkatı Uğrunda İttifaq Partiyasının öncülləri partiya liderlərinin yolundan gedərək böyük siyasi səhv buraxdılar və Fransada irqçi çıxışları ilə tanınan radikal sağın yüksələn ulduzu "Front National"ın (Milli Cəbhə) sədri Marine Le Penin seçicilərini aldatmağa cəhd etdilər. Sağı birləşdirmək əvəzinə onu öz əlləri ilə böldülər. Belə ki, millətçi qüvvələrin səslərini qazanmaq üçün sağyönümlü radikal çıxışlar edən Sarkozi ikinci mərhələdə bu mərhələyə adlaya bilməyən Marin Le Penin seçicilərinin səslərini qazanmağa ümid edirdi. Məhz buna görə son aylarda Sarkozi miqrasiyanın qarşısının alınması, sərhədlərin nəzarətə götürülməsi və hətta Şenqen zonasından imtina edilməsi kimi milliyətçi çıxışlar edirdi. Nəzərə almaq lazımdır ki, millətçi Le Pen prezident seçkilərinin birinci mərhələsi nəticəsində 17,9 faiz səs toplamışdı və onun dəstəyi Sarkozinin ikinci mərhələdə qələbə qazanmasına kifayət edirdi. Lakin 11 faiz səs toplamış kommunistlərin lideri Jan-Lyuk Melanşon öz tərəfdarlarını ikinci mərhələdə Ollandı dəstəkləməyə çağırsa da, Le Pen Sarkoziyə münasibətdə bu addımı atmadı.

Sarkozi ilə məsləhətçilərinin "qələbədəki" payı

Bu baxımdan, Ollandın uğuru qazanmasında N. Sarkozi ilə məsləhətçilərinin qatqıları böyükdür. Təmsil etdiyi partiya və Sarkozi ölkənin böyük əksəriyyətinin arzuladığı dəyişimi qavrayıb, onun önündə getmək əvəzinə qarşısına sədd çəkdi. Fransada və hətta Avropanın daxilində yeni bir axtarışın içərisində olan sağdakı dəyişimin nəbzini erkən tutan Marine Le Peni o qədər də ciddi rəqib hesab etmədi. "Front National"a (FN) birgə hərəkət çağırışı etdi. Son dərəcə ağıllı gediş edən Le Pen seçkinin hər iki dövründə də təbliğatının hədəfi kimi Sarkozini seçdi.

Le Pen xarici düşmənçiliyi çox gündəmə gətirmədi, Sarkozi isə müsəlmanların və ərəblərin Fransanı ələ keçirmələrinin önündəki tək əngəl olaraq özünü ortaya atdı. O, ətrafında nifrət çənbəri yaradarkən, Le Pen iqtisadi böhranın təsiri altında boğulan ölkənin dörd bir tərəfindəki fransızlara yeni ümidlər, vədlər verdi. Belə ki şimaldakı sənaye bölgələrində işsizliyin 15 faizə çatdığı yerlərdən səs topladı. Jurnalistlərə açıqlamalar verən Fransadakı müsəlmanlar belə Le Penə qarşı duyduqları etibarı açıqca dilə gətirdilər.

Əgər keçiriləcək parlament seçkisində FN və Marine Le Pen, Xalq Hərəkatı Uğrunda İttifaqPartiyasının(UMP) önünə keçərsə, bu, heç də sürpriz olmayacaq. Aldığı məğlubiyyətin qəzəbi ilə UMP-nin günahlandırdığı Le Penin partiyası Senatda çox yer alarsa, normal qarşılamaq lazımdır. Bir dönəmin ən güclü partiyası isə başsız qalır. Sarkozi ümumiyyətlə siyasətdən getdi və dediyinə görə bundan sonra Fransanın sıravi vətəndaşı olacaq. İyun ayına çox az bir zaman qaldığı halda UMP-in ağır fiqurları bir-bir partiyadan ayrılırlar.

Ollandı gözləyən təhlükə

Daxilində oxşar olayların yaşandığı halda, qələbənin təsiri ilə hələ də zəif yönlərinin fərqinə varmayan mərkəz solun da UMP-in aqibətinə uğraması ehtimalı gözləniləndir. Jean-Luc Melanşonun liderliyində yüksələn xətlə irəliləyən Kommunist Partiyası (PC) zəfərdə əhəmiyyətli bir paya sahibdir. Onun alovlu çıxışları partiyaya canlılıq gətirib.

Seçiciləri arasında "sadə adam" ləqəbini qazanan Olland solun dəstəyi altında mərkəz sağın qalası sayılan Marsilyadan və "qurd siyasətçi" kimi tanın Fransa xarici işlər naziriAlan Juppénin məmləkəti olan Bordeauxdan 50 faizdən çox səs toplayıb.

Seçkilərdən sonra nisbətən sakitləşən siyasi arenada buludlar dağılmağa başlayıb və hələ görüləsi işlərin olduğu ortaya çıxıb. Əsas diqqət çəkən məqam odur ki, solçular parlament seçkilərinə çox yaxşı hazırlaşmaq məcburiyyətindədir. Senatdakı çoxluğu əlində saxlaya bilməyəcəyi təqdirdə F. Ollandın prezidentliyi bir fiaskoya çevrilə bilər. Çünki Le Pen bu seçkilərə çox iddialı girir. FN-in güclü olacağı bir parlamentdə iqtidarın siyasətini sərbəst şəkildə tətbiqi mümkün deyil. O zaman solun sevinci iyuna qədər sürə bilər.

Le Pen hətta indidən güclü bir müxalifət olacağının işarələrini verir. Prezidentlik seçkisinin başa çatdığı saatlarda verdiyi açıqlamalarda, Ollandın ona bəslənilən ümidləri doğrultmayacağını, Avropa Mərkəz Bankının istəklərinə qarşı çıxa bilməyəcəyini, Fransanın mənfəətlərinə zidd olan və avropalı teknokratlar ilə bankların hazırladıqları büdcəni rədd etmə şansının olmadığını ifadə edib.

Yeni prezidentin yeni vədləri

Daxildə sərt bir müxalifətlə qarşı-qarşıya olan Ollandın işi AB və xüsusilə Almaniya ilə münasibətlərdə də asan olmayacağı aydındır. Dəyərləndirmələrdə seçkidən əvvəl verdiyi sözün, AB-in məcbur etdiyi ciddi iqtisadi islahatlara son veriləcəyi, təqaüd yaşının 60-a endiriləcəyi, 60 min müəllimin işə götürüləcəyi vədlərinin yerinə yetirməsinin qarşısında bir çox maneə var. Əsl maneə isə 2013-cü ilə qədər büdcə kəsirinin 3 faizə salmaq üçün büdcədən zəruri olaraq 18 milyard avronun necə kəsiləcəyinin çarəsizliyidir.

Fransua Olland erməni diasporunun səsini almaq üçün onlara da vədlər verib. Fransadakı Erməni Dərnəkləri Koordinasiya Komitəsi Ollandın seçiləcəyi təqdirdə 1915-ci il hadisələri ilə bağlı Konstitusiya Şurası tərəfindən ləğv edilən qanunun yenidən gündəliyə gətiriləcəyini vəd etdiyini deyib.

Komitənin açıqlamasına görə, Olland 1915-ci il hadisələrinə dair erməni iddialarının rəsmən tanınmasının Türkiyənin Avropa Birliyinə tam üzvlüyü üçün kriteriyaya çevriləcəyini də vəd edib. Parisdə erməni iddialarına dair muzeyin yaradılması da Ollandın vədləri sırasındadır.

Bizim qazancımız nədir?

Seçki hesablarını və gözləntilərini Sarkozinin üzərində quran Almaniya və Merkel fərqli nəticədən dolayı narahatdır. Seçkidən əvvəl Ollandın onunla görüşmə istəyini rədd edən Merkel seçkinin nəticəsinin müəyyən olmasından dərhal sonra yeni prezidenti Berlinə dəvət edib.

Fransız radikal sağının və solunun yüksəlişinin digər Avropa ölkələrinə təsiri qaçılmaz olacaq. Hətta Fransa il eyni gündə seçki keçirən Yunanıstanda bənzər hadisələr yaşandı. Yunanlar Fransada solçuların və Le Penin Almaniyanın təzyiqlərini boşa çıxaracaqlarını böyük ümidlərlə gözləyirlər. Növbədə iqtisadi böhranın günahını iqtidar partiyalarının siyasətçilərində görən AB üzvü digər ölkələr var. Avropa ölkələrinin iqtidar partiyalarının siyasətçilər etirazları böyüməyə başlayan kütlə qarşısında çarəsiz gözləyirlər. Onların da Fransa və Yunanıstanda yaşanan nəticələrlə qarşılaşmaqdan xilas olacaqları çətin görünür. AB-nin iqtisadi, ictimai və siyasi quruluşunun təməlindən çat səsləri gəlir.

İki dünya müharibəsinin səbəbkarı olan Avropanın əvvəlcə savaşan, sonra da ortaq yaşayan ənənəvi anlayışının bu böhranın öhdəsindən gəlib-gələ bilməyəcəyini, gələrsə bunun necə olacağını zaman göstərəcək. Ancaq bizim prizmadan baxdığımızda, illərdir ikiüzlü siyasət sürdürən və öz mənfəətləri naminə bir xalqa, ulusa qara yaxan tanış simaların siyasi arenadan itmələrinin belə bizim üçün qazanc olacağını söyləmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə