Əhali genişzolaqlı internetlə təmin ediləcəkmi?

Əhali genişzolaqlı internetlə təmin ediləcəkmi?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakı şəhəri və respublikanın bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir rabitə xidmətləri ilə təmin edilməsinə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirə keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müzakirədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2015-ci ilə qədər və sonrakı dövrdə əhalinin yüksək surətli və keyfiyyətli genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi üçün rabitə birlik-müəssisələri tərəfindən aparılan işlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir mövcud vəziyyəti, sürətlə artan tələbatı nəzərə almaqla əsaslandırılmış layihələrin hazırlanmasının və həyata keçirilməsinin, eyni zamanda, bu işdə özəl şirkətlərin iştirakının vacibliyini qeyd edib.

İlkin mərhələdə ATS-lərin yerləşdiyi kənd və qəsəbələrə fiber-optik kabellərin çəkilməsi və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərinin tam başa çatdırılması məqsədəuyğun sayılıb. Eyni zamanda digər kənd və qəsəbə yaşayış məntəqələrinin də optik kabellərlə əhatə olunması, yerli əhalinin genişzolaqlı xidmətlərlə təmin edilməsi və beləliklə respublika üzrə "Hər evə optika" prinsipi əsasında qurulan yüksək sürətli multimediya şəbəkəsinin əsaslandırılan layihəsinin hazırlanmasının vacibliyi vurğulanıb. Bundan başqa, müzakirələrdə Bakı şəhərində əhalinin genişzolaqlı xidmətlərə tələbatının tam ödənilməsi üçün yeni texnologiyaların tətbiqinin genişləndiriməsinə dair zəruri tədbirlərin görülməsi qeyd olunub. Bu işlərə özəl sektorun aktiv cəlb olunmasının vacibliyi, onlara güzəştli şərtlərlə yeni imkanların yaradılması, genişzolaqlı internet xidmətlərinin inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdırılması istiqamətində aidiyyəti üzrə əlavə tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə