Bu amorf siyasi qruplaşma daxilində ciddi fikir ayrılığı yaşanır
Radikal müxalifət düşərgəsində vaxtaşırı müəyyən şərti qruplaşmaların, qeyri-formal qurumların yaradılıb bir müddət sonra siyasi arxivə göndərilməsi ənənəyə çevrilib. 1990-cı illərin əvvəllərində AXC \"şinelindən çıxan\" müxalif partiyaların say artımı ilə müşayiət olunan bu proses 1998-ci ildən sonra partiyalararası amorf birliklərin yaranması ilə özünü göstərir. İndiyədək müxtəlif siyasi qurumları əhatə edən bir neçə belə qeyri-rəsmi təşkilat yaradılıb. Lakin bunların heç biri özünü siyasi səhnədə konstruktiv, rasional siyasi təsisat kimi təsdiqləyə bilməyib.
İddialı radikalların niyyətləri, arzuları ilə potensialları tərs mütənasib olduğundan, bu kimi qurumlar ya iflasa uğrayıb, ya da siyasi iflic vəziyyətinə düşərək fəaliyyətsiz hala gəlib. Bu mənada, ötən parlament seçkilərindən sonra müxalifətin yaratdığı, əslində, qeyri-qanuni, anti-konstitusion bir qurum olan \"İctimai Palata\" da istisna deyil. Bəllidir ki, bu qurum seçkilərdə öz böyük məğlubiyyətini həzm edə bilməyən \"AXCP-Müsavat\" cütlüyünün təşəbbüsü ilə yaradılıb.
Məğlubların, narazıların, nə istədiyini dəqiqləşdirə bilməyənlərin, hər şeyi qara rəngdə görənlərin mexaniki cəmindən ibarət olan bu təşkilat, faktiki olaraq, destruktiv, qeyri-real mövqedən çıxış edir, ölkədə ictimai-siyasi proseslərin pozitiv axarına hər vəchlə kölgə salmağa çalışır.
Bu qurumun təmsilçilərinin əhval-ruhiyyəsi də, sözün həqiqi mənasında, havadan, temperaturdan, əsən küləklərin axarından asılıdır. Məsələn, Rusiyada müəyyən ictimai etirazlar baş qaldıranda bizim radikallar \"Şimal küləyi\"nə aludə olurlar. \"Ərəb baharı\" baş verəndə isə üzlərini Cənub-Qərbə - səhralıqlara doğru tuturlar.
Külək Avropadan, Şimal-Qərbdən əsəndə isə \"Bizə \"Eurovision\" lazım deyil\" deyib ermənipərəst dairələrə, anti-Azərbaycan mövqeli xarici təzyiq qruplarına züy tuturlar.
Bu qurum yarandığı dövrdən bəri cəmi bir razılaşdırılmış \"kütləvi\" aksiya keçirə bilib. Lakin bu aksiya iştirakçılarının sırasının az olmasına görə, mitinqdən daha çox piketi xatırladıb. Maraqlıdır ki, AXCP sədri Əli Kərimov bunu mitinqə icazə verilməsindən gec xəbər tutmaları, hazırlaşmaq üçün cəmi 2-3 gün vaxtlarının olması ilə izah edir. Lakin bu, istənilən halda qeyri-ciddi arqument kimi görünür. Radikal düşərgənin təmsilçiləri belə bəsit arqumentlə vəziyyətdən çıxmağa çalışsalar da, bu, onları gülüş və ironiya hədəfinə çevirir. Bəlli olan odur ki, radikallar müxtəlif vədlərinə, aldadıcı şüarlarla insanları mitinqə cəlb etmək cəhdlərinə baxmayaraq, növbəti dəfə apatiya, ictimai laqeydliklə üzləşiblər. Hətta \"İctimai Palata\"nın mitinqini bu qurumda təmsil olunan şəxslərin və təşkilatların əksəriyyəti boykot edib. Belə vəziyyətdə \"İP\" təmsilçilərinin ictimai sözünü dilə gətirməyə belə mənəvi haqqı çatmır. Ən azı ona görə, ictimaiyyət radikal düşərgəyə istənilən halda birmənalı şəkildə \"yox\" deyir. Belə vəziyyət \"İctimai Palata\" daxilində yaşanan ciddi fikir ayrılığından, qurumun, faktiki olaraq, kiçik, şərti qruplaşmalara parçalanmasından xəbər verir.
Bunu AXCP-nin funksioneri, \"İP\"-də təmsil olunan Xaliq Bahadır da etiraf edir. Müvafiq etirafdan o da bəlli olur ki, müvəqqəi olaraq \"İP\"-in çətiri altına yığılanlar, əslində, fərqli, ziddiyyətli maraqların daşıyıcılarıdır. Bu da müvafiq siyasi qruplaşmanın iflasını qaçılmaz edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB