Azərbaycana qarşı qərəzli əks-təbliğat nədən xəbər verir?
Azərbaycanın iqtisadi, siyasi, mədəni sahədə əldə etdiyi ardıcıl uğurlar, ölkəmizin getdikcə daha da çiçəklənməsi, qüdrətlənməsi, deyəsən, bədxahlarımızı ciddi şəkildə narahat edir. Son zamanlar ölkəmizə qarşı aparılan "qara piar"ın məqsədli xarakter aldığı aydın görünür. Azərbaycanla bağlı Avropa mediasında yer alan bir sıra tənqidi materialların, müvafiq məlumatların ardıcıl olaraq, bu və ya digər Avropa ölkəsinin media strukturlarına yol tapması baş verənlərin, əslində eyni mərkəzdən idarə olunduğunu təsdiqləyir.
Əks-təbliğatın başlıca hədəfi…
Məqsəd ölkəmizin imicinə kölgə salmaqdır
Diqqəti çəkən odur ki, real arqumentləşdirmədən, məntiqi yanaşmadan tamam kənar olan müvafiq "tənqidi" materiallar bu və ya digər formada bir neçə gündən sonra Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsi ilə əlaqələndirilir. Anti-Azərbaycan mövqeli qüvvələrin start verdiyi bu əks-təbliğatın məqsədi aydındır: onların əsas hədəfi bu nüfuzlu mahnı yarışması fonunda ölkəmizin imicinə mümkün qədər kölgə salmaqdır. Müvafiq yazılarda, süjetlərdə, materiallarda Azərbaycanın qərəzli şəkildə "insan haqlarının pozulduğu ölkə" kimi təqdim olunması buna əyani misaldır. Maraqlı və təzadlı məqamlardan biri də budur ki, bu əks-təbliğata, "qara piar"a müxalifətin destruktiv qanadı da qoşulub. Nə qədər böyük təəssüf doğursa da, onların mövqeyi bir çox hallarda "Eurovision-2012"-də iştirakdan imtina etmiş işğalçı Ermənistanın təmsilçilərinin mövqeyi ilə üst-üstə düşür.
Uğurumuzu qəbul edə bilməyənlər
2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin müvəffəqiyyətli çıxışı bütün dünyada əks-səda doğurmuşdu. Azərbaycan təmsilçilərinin bu qələbəsi təbii və gözlənilən idi. Təmsilçilərimiz buna qədər iştirak etdikləri üç yarışmada da uğurlu performans nümayiş etdirərək, finala adlamağı bacarmış, müvafiq olaraq, beşinci, üçüncü, səkkizinci yerləri tutmuşdular. Ötən il azərbaycanlı gənclərin - Eldar və Nigarın parlaq qələbəsi milyonlarla azərbaycanlının qəlbini sevinc, fərəh hissi ilə doldurdu. Bu qələbə Azərbaycan mədəniyyətinin, ölkəmizin müasir simasının dünyada tanıdılması baxımından çox əhəmiyyətli idi. Azərbaycan təmsilçiləri yüksək ifaçılıq tərzi, böyük səhnə mədəniyyəti, tamaşaçıların qəlbini oxşayan bənzərsiz musiqi ilə layiqli qələbə qazanmışdılar. Bütün bunların müqabilində, mədəni-kütləfi xarakter daşıyan bu tədbirin belə siyasiləşdiriləcəyini, tamam fərqli müstəvidə müzakirə mövzusu olacağını heç kəs gözləmirdi. Əslində, bu, bir qədər gözlənilməz olsa da, baş verənlərdə təəccüblü və qeyri-adi heç nə yoxdur. Çünki Azərbaycanın bu uğuru ölkəmizlə bağlı reallıqların beynəlxalq ictimaiyyətə daha yaxından çatdırılması, xalqımızın zəngin mədəniyyətinin, adət-ənənələrinin, tarixinin təbliği üçün geniş imkanlar yaratmışdı. Azərbaycan təmsilçiləri bu mötəbər yarışmada qısa müddətdə zirvəni fəth etməklə ölkəmizin bir çox digər sahələrdə olduğu kimi, musiqi mədəniyyəti sahəsində də öndə olduğunu sübut etmişdilər.
Açıq "informasiya müharibəsi"
Estafeti Almaniya təhvil alıb
Bütün bunların fonunda Azərbaycana qarşı aparılan "informasiya müharibəsi"ndə estafeti Almaniyanın təhvil alması diqqətdən yayınmır. Bəlli olduğu kimi, Azərbaycan təmsilçiləri məhz bu ölkədə keçirilən müvafiq müsabiqədə qalib olublar. Görünür, burada həm rəsmi dairələrdə, həm də media qurumları səviyyəsində Azərbaycanın uğurunu həzm etməyənlər var. Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycan müxalifətinin destruktiv qanadını təmsil edən bir sıra partiyalar, xüsusən, Əli Kərimovun sədrlik etdiyi AXCP (i) Almaniyanın qeyri-hökumət təşkilatları, ilk növbədə, "Fridrix Nauman" Fondu xətti ilə maliyyələşir. Belə olan halda onların indiki məqamda canfəşanlığı, destruktiv düşərgəyə yaxınlığı ilə seçilən medianın "Eurovision-2012"-ni canlı seyr etməyə gələcək minlərlə avropalıya verdikləri "məsləhətlər" heç də təsadüfi deyil.
Təxribat cəhdi, yoxsa məsuliyyətsizlik?
Bəzi aksiyalarda "Bizə Eurovision yox, Qarabağ lazımdır" şüarının gündəmə gətirilməsi isə aşkar məsuliyyətsizlik və təxribat cəhdindən başqa bir şey deyil. İşğal olunmuş 20 faiz torpağımız - Dağlıq Qarabağ və ətraf 7 rayonun azad edilməsi, Azərbaycan dövlətinin, cəmiyyətinin, hər bir vətəndaşımızın qarşısında duran vəzifədir, bunu hər hansı mədəni-kütləvi tədbirlə belə uğursuz bir tərzdə əlaqələndirmək qətiyyən doğru deyil. Əksinə, "Eurovision-2012" və ölkəmizdə keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər, yarışmalar Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun, geniş şəkildə çatdırılmasına şərait yaradır. Bu mənada, radikalların ikibaşlı oyunları, müxalifət mətbuatında "Eurovision-2012" ilə bağlı erməni mediasının mövqeyi ilə üst-üstə düşən yazılar istər-istəməz düşmən dəyirmanına su tökmək anlamına gəlir.
"Əlverişli fürsət" axtarışı
Baş verənlər onu göstərir ki, Almaniyada dövlət səviyyəsində Azərbaycana qarşı əks-təbliğat, qərəzli kampaniya aparılır. Bu kampaniyada Almaniyanın müəyyən rəsmi şəxsləri, dövlət strukturları, media, QHT-lər fəal şəkildə iştirak edir. Başqa sözlə, sözügedən ölkədə bütün instansiyalar Azərbaycanı fəaliyyətlərinin əsas hədəfi seçiblər. Faktiki olaraq, bu ölkənin media qurumları Azərbaycana qarşı açıq "informasiya müharibəsi" aparılır. Burada əsas aktorlar ölkəmizdə Qərbin müəyyən dairələri, Ermənistan və erməni lobbisi, islamafoblar və radikal müxalifətdir.
Qərbin müvafiq dairələri hazırda ölkəmizdə belə geniş miqyaslı mədəni-kütləvi tədbirin keçirilməsini özlərinə "əlverişli fürsət" sayır, öz siyasi-iqtisadi maraqları naminə qərəzli, yalnış, həqiqətəuyğun olmayan informasiyalarla ölkəmizə təzyiq göstərməyə çalışırlar. İşğalçı Ermənistanın, eləcə də erməni lobbisinin başlığa hədəfi isə Azərbaycanı "insan haqlarının pozulduğu ölkə" kimi, dünyaya təqdim etmək, ölkəmiz barədə mənfi rəy formalaşdırmaq, bununla da "Dağlıq Qarabağın əzabkeş erməni icmasının" Azərbaycan dövləti çərçivəsində yaşamasının qeyri-mümkünlüyünə beynəlxalq ictimaiyyəti inandırmaqdır.
Avropanın, xüsusən, Almaniyanın irqçi-millətçi dairələri isə dini-mənəvi dəyərlərə görə, İslam dünyasının ayrılmaz parçası olan Azərbaycanı "fundamentalizm mənbəyi", "islam fanatlarının aktiv olduğu ölkə" kimi təqdim edib gözdən salmağa çalışırlar. Halbuki Azərbaycan dini-mədəni dəyərlərinə, milli ənənələrə sadiq olmaqla yanaşı, sivil, demokratik, dünyəvi dövlət kimi, müsbət bəşəri dəyərlərin möhkəmlənməsinin, inkişafının fəal təşəbbüskarı, mühüm faktorlarından biri kimi çıxış edir.
Destruktiv müxalifətin "canfəşanlığı"…
Onlar anti-Azərbaycan mövqeli dairələrlə həmrəydirlər
Müxalifətin radikal, destruktiv qanadının "Eurovision-2012"-yə qarşı "qara piar"a dəstək verməsinə gəldikdə, onların dağıdıcı fəaliyyəti Azərbaycana qarşı təbliğat kampaniyası aparan xarici dairələrin bənzər rəftarı ilə üst-üstə düşür. Bu bənzərlik, oxşarlıq o qədər bir-birini tamamlayır ki, hərdən destruktiv müxalifət təmsilçilərinin Azərbaycan vətəndaşı, həqiqətən, qəlbən, ruhən azərbaycanlı olmasına ciddi şübhələr yaranır. Düsseldorfda Azərbaycanın musiqi mədəniyyətinin təntənəsindən sonra Azərbaycana qarşı geniş qarayaxma kampaniyasına start verilməsi, Azərbaycan müxalifətinin açıq şəkildə bu əks-təbliğat kampaniyasına start verməsi deyilənləri bilavasitə təsdiqləyir.
Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Kvellenin Almaniya mediası və QHT-lərin belə qərəzli rəftarına bəraət qazandırmaq cəhdlərinə baxmayaraq, fakt faktlığında qalır. Reallıq ondan ibarətdir ki, Almaniya mediası Azərbaycana "demokratiya dərsi" keçməzdən öncə, öz ölkəsinin çox da uzaq olmayan keçmişinə diqqət yetirsə, daha yaxşı olar. Heç kəsə sirr deyil ki, Almaniya yeni və ən yeni tarixdə Avropada ən aqressiv, təcavüzkar dövlət kimi tanınır.
Keçmişə baxış…
Və ya demokratiyadan neofaşizmə, irqçiliyə qayıdışın təzahürləri
İndiyə qədər baş verən iki dünya müharibəsinin əsas səbəbkarı da məhz Almaniyadır. Birinci Dünya Müharibəsində 18, İkinci Dünya Müharibəsində isə 50 milyondan çox günahsız insan qətlə yetirilib ki, burada da əsas məsuliyyət payı Almaniyanın üzərinə düşür. Hazırda Almaniya 6 milyon yəhudinin qətlə yetirilməsi, soyqırıma məruz qalması faktına görə, İsrail dövlətinə illik təzminat ödəyir. Hər il mayın 9-u bütün dünya ölkələri tərəfindən Almaniya faşizmi üzərində qələbənin ildönümü kimi qeyd olunur. Elə qədim dövrlərdə, orta əsrlər zamanında da Almaniyanın Avropa və dünya tarixində rolu çox da pozitiv olmayıb. Məsələn, qədim Roma mənbələrində germanlar vəhşi, qaniçən barbar tayfaları, orta əsrlərdə isə xırda alman knyazlıqları Avropada anarxiyanın, zorakılığın, özbaşınalığın əsas mənbəyi kimi xatırlanır.
Alman mediasından fərqli olaraq, bizim Almaniyanın az-çox müsbət nailiyyətlərinə şübhə etmək, bu ölkədə baş verənləri qərəzli şəkildə, "qara piar" fonunda təqdim etmək niyyətimiz yoxdur. Sadəcə, bu ölkənin xarici işlər nazirliyinin rəsmilərinin də qatıldığı qərəzli anti-Azərbaycan təbliğatına tərəfsiz, qərəzsiz, obyektiv şəkildə, tutarlı, arqumentli faktlarla cavab vermək niyyətindəyik.
Kvellenin etirafı…
Azərbaycanla bağlı "tənqidi" materiallar mənbəyi bilinməyən, şübhəli internet resurslarına əsaslanır
Gerçəklik ondan ibarətdir ki, əks-təbliğat prosesində Almaniyanın xarici işlər naziri Quido Vestervelle, onun müavini Mixael Link fəal şəkildə iştirak edir. Azərbaycanla bağlı gündəlik tənqidi, silsilə yazılar Almaniyanın "Şpigel", ARD kimi aparıcı KİV-lərinin gündəmini tutur. Kvellenin etiraf etdiyi məqam ondan ibarətdir ki, alman mediasının Azərbaycanla bağlı materialları mənbəyi göstərilməyən internet resurslarına əsaslanır. Ən pisi də odur ki, Mərkəzi Avropa ölkəsi sayılan Almaniyanın mediası "mənfi məqamları qabardır", belə məqamlar tapılmadıqda isə saxta, qərəzli, uydurma məlumatlar, media materialları informasiya dövriyyəsinə buraxılır.
Bu ərəfədə Avropa ölkələrinin diplomatik korpusunun hərəkətə keçərək destruktiv müxalifətə bəzi tövsiyyələr verməsi, Müsavatın və digər müxalifət partiyalarının qərargahında keçirilən bir sıra görüşlər Avropanın, xüsusən, Almaniyanın üzərində neofaşizm kabusu dolaşır. "Avropa dəyərləri" adı altında irqçiliyi, millətçiliyi, ədəbsizliyi, əxlaqsızlığı ölkəmizə sırıya bilməyənlər öz niyyətlərini destruktiv müxalifətin timsalında "beşinci kalonna" yaratmaqla gerçəkləşdirmək istəyirlər. Almaniyanın aparıcı siyasi dairələri tərəfindən idarə olunan nüfuzlu fondların Azərbaycan müxalifəti ilə əlaqələrini genişləndirmək, "canlandırmaq" cəhdləri də məhz bununla bağlıdır.
Müəmmalı fəallaşma…
Və ya Avropa demokratiyasının mahiyyəti və gələcəyi barədə suallar
Azərbaycana qarşı bu ölkənin mediasında əsassız, qeyri-obyektiv materialların verilməsi Almaniyanın müəyyən dairələrinin Azərbaycanla bağlı maraqları ilə izah edilirdi. Lakin prosesə bu ölkənin aparıcı KİV-lərinin qoşulması, Almaniyanın Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlarının Azərbaycanda nəzərəçarpacaq dərəcədə aktivləşməsi tamam fərqli mənzərə yaradır.
Görünən odur ki, Avropanın nisbətən iri dövlətləri yeni müstəmləkəçilik siyasətini gerçəkləşdirərək, nisbətən kiçik Şərqi Avropa və bir sıra Asiya ölkələrini təsir dairəsinə almaq niyyətindədirlər. Azərbaycan sosial-iqtisadi cəhətdən qüdrətlənməsi, müstəqil siyasət yeritməsi, görünür, xarici təzyiq qruplarının, transmilli inhisarçı dairələrin maraqlarına daxil deyil. İstənilən halda, belə qərəzli, birtərəfli yanaşma nə Almaniyanın rəsmi dairələrinə, nə də alman mediasına başucalığı gətirmir. Bu piar, əslində, zahirən ciddi təsir bağışlayan alman mediasını nüfuzdan salır, Avropa demokratiyasının mahiyyəti və gələcəyi barədə çox ciddi suallar doğurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB