Bu günkü tarix bütün dünyada olduğu kimi, Azərbaycanda da gülüş və yumorla xatırlanır. Aprelin 1-nə aldatma günü də deyən var. Bu tarix haradan götürülüb, nə ilə bağlıdır, məsələ ətrafında müxtəlif versiyalar dolaşmaqdadır. Təbii ki, gülüş gününün özü kimi onlar da faktaloji baxımdan ciddiyə alınmır.
Beləliklə ondan başlayaq ki, ən çox yayılmış versiyalardan biri Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər.
Növbəti versiyanın kökü gedib qədim Romaya çıxır. Məhz orada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edirlərmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şeyin isə qapı qulluqcuçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlandığı bildirilir. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı vermiş və xüsusi qərar çıxarmışdı ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə edəcək. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlara yol verirdilər.
Belə bir versiya da var ki, gülüş gününün tarixi Hindistanla bağlıdır. Məhz bu qədim məmləkətdə vaxtilə martın 31-ni gülüş günü kimi keçiriblər.
Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.
Rusiyada gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peretburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınmışdı. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.
Almaniya və Avstriyada aprelin 1-i xöşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Ona görə ki məhz aprelin 1-də İsa Məsihi satan havari İudanın anadan olduğu deyilirmiş. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB