Tədbiri açıq elan edən Təşkilat Komitəsinin üzvləri tədbir iştirakçılarını salamladıqdan sonra çıxışlara başlayıblar.
İlk olaraq çıxış edən Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli "Hackathon Azerbaijan" layihəsinin uğurlarının həm ölkəmizin gəncləri, həm də İnformasiya Texnologiyaları sahəsinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib.
Təşkilat Komitəsinin üzvü Rəcəb Davudov "Android platformasından gəlir əldə etmək imkanları" mövzusunda təqdimatla çıxış edib. Daha sonra çıxış edən Ramin Orucov ən çox tələbat duyulan mobil proqramlarla bağlı statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O həmçinin, öz çıxışında ölkəmizdə də mobil biznes sahəsinin inkişaf etdiyini qeyd edib. R.Orucov buna ən yaxşı nümunə kimi bu yaxınlarda – aprel ayının 6-da mobiz.az saytının təşəbbüsü ilə reallaşacaq "Azərbaycanda mobil biznes imkanları" adlı konfransın olacağını bildirib.
Layihə rəhbəri Kamran Səmədli isə "Hackathon Azerbaijan", "Android Erası", "Baku GDG" barədə ətraflı məlumatlar verib.
Daha sonra müsabiqənin baş sponsoru olan "Samsung" şirkətinin rəsmi nümayəndəsi Oqtay Məmmədov çıxış edərək, gənclərin bu layihəyə olan böyük marağından məmnunluq duyduqlarını ifadə edib. O.Məmmədov "Samsung"un gələcəkdə də belə layihələrə yardımçı olacağını və gənclərin maraqlı ideyalarını dəstəkləmək niyyətində olduğunu qeyd edib.
Sonda çıxış edən layihə meneceri Rəşad Əliyev və Təşkilat Komitəsinin üzvü Orxan Əhmədov yarışma qaliblərinə təqdim olunacaq hədiyyələrlə yarışmaçıları tanış ediblər.
Təqdim olunacaq hədiyyələr bunlardır:
I yer – Samsung Galaxy Note,
II yer – Samsung Galaxy Nexus,
III yer- Samsung Galaxy S II,
Bununla yanaşı müsabiqənin baş sponsoru olan "Samsung" şirkəti tərəfindən, əlavə olaraq Eurovision və EuroCUP qaliblərinə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək.
Bundan əlavə, R.Əliyev bildirib ki, bu dəfə yarışma iştirakçılarını hədiyyələrlə birgə, maraqlı surprizlər də gözləyir. Belə surprizlərdən biri yarışma müddətində bütün developerlərə tamamilə pulsuz olaraq android market profili təqdim olunması ilə bağlıdır.
Daha sonra tədbir yarışma iştirakçılarının Təşkilat Komitəsinin üzvlərinə olan sualları ilə davam edib.
Qeyd edək ki, "Android Erası 2" yarışması Samsungun baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.
Müsabiqənin təşkilati dəstəkçiləri Baku Google Technology User Group və "İlk addımlar" layihəsidir.
Tədbirin İnformasiya dəstəyi Səs İnformasiya Agentliyinə aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB