Quba-Xınalıq yolunda yenidən fəsadlar yaranıb

Quba-Xınalıq yolunda yenidən fəsadlar yaranıb

Mütəmadi qar uçqunlarının baş verdiyi Quba-Xınalıq yolunda yenidən fəsadlar yaranıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, ötən gecədən başlayaraq güclü küləklə müşahidə olunan qar bu gün səhər saatlarından Quba-Xınalıq yolunun təxminən 20-22-ci km-dən, 41-ci km-dək bağlayıb.

6 saylı yol istismar idarəsinin işçiləri yolun müəyyən hissəsinin açılmasını təmin etsələr də 36-ci km-də yol açılmayıb.

Məlumat üçün bildirək ki, Quba 6 saylı yol istismar idarəsinin iş icraçısı Əfqan Güləliyevin dediyinə görə, idarənin iki ağır texnikası və canlı işçi qüvvəsi yolun açılmasına cəlb edilib. O bu ərazidə yenidən qar uçqunlarının baş verməsini istisna etmir.

Quba ərazi hidrometrologiya məssisəsindən aldığımız məlumata görə, bu gün səhər Xınalıq kəndində 50 sm-dən artıq qar, 11 dərəcə şaxta müşahidə olunub. Verilən son məlumata görə, Quba-Xınalıq yolunun açılması bu saatlarda qismən təmin olunub.

Qeyd edək ki, günün sonunadək yol qardan təmizlənəcək.

Emin Kərimov



Bütün xəbərlər Facebook səhifəmizdə