İspaniyanın şimal-şərqində yerləşən liman şəhəri Barselona Kataloniya əyalətinin inzibati mərkəzi sayılır. Əhalisi 1,6 milyon nəfər olan şəhər Beqos və Lyübreqant çayları arasındakı ərazidə yerləşir. Şəhərin əsası eramızdan əvvəl II əsrdə Karfagendən gələnlər tərəfindən qoyulub. II əsrdə romalılar buranı işğal edərək şəhərə Barsina (Barsilo) adını veriblər. İki min illik tarixi, özünəməxsus mədəniyyəti və kataloniya dilli ilə Barselona şəhəri Aralıq dənizi sahilində yerləşdiyi üçün son illər dünyada yüksək səviyyəli turizm məkanı kimi şöhrət qazanıb.

Barselona qışı soyuq, yayı isti və quru keçən iqlimə hakimdir.

İlboyu mülayim iqlimi, zəngin memarlıq və sənət irsi, inkişaf edən iqtisadiyyat və mədəni tərəqqisi ildə üç milyondan artıq turistin bu qədim şəhərə gəlməsinə səbəb olur.

Beynəlxalq təyyarə limanına malik olan Barselona ildə 20 milyon ton yük dövriyyəsinə malikdir. Ölkənin vacib iqtisadi və mədəni mərkəzidir. Burada sənayenin maşınqayırma, gəmiqayırma, elektrotexnika, radioelektronika, toxuculuq, kimya, poliqrafiya, dəri məmulatları və ərzaq məhsulları hazırlayan müəssisələr işləyir. 1888 və 1929-cu illərdə burada Ümumdünya sərgisi keçirilib. 1992-ci ildə isə Barselona möhtəşəm Olimpiya oyunlarına ev sahibliyi edib. Şəhərdə saysız-hesabsız muzeylər, teatrlar, müxtəlif əyləncə mərkəzləri, bahalı mağaza və restoranlar var. Müasir və işgüzar şəhərdə tarixi qotik üslubda tikilmiş qədim binalar qorunur.


Barselona həmçinin modernizmin paytaxtı sayılır. YUNESKO-nun qərarı ilə memarlığın şah əsəri olan beş bina - Quel sarayı, Quel parkı, Kaza Mila (Pedrera) binası, Kataloniya musiqi sarayı, Santa Kreu və San Pau xəstəxanası bəşəriyyətin sərvəti sayılır. Barselonaya təşrif buyuran qonaqlara istirahətlərini şən və mənalı keçirmək üçün hər cür xidmət göstərilir. Burada gəzməli və görməli yerlər olduqca çoxdur; muzey və meydanlar, tarixi binalar və abidələr. Xüsusilə Pikasso muzeyi öz gözəlliyi ilə diqqəti çəkir. Burda rəssamın 3000-dən artıq əsəri nümayiş olunur.


Barselonanın rəmzi olan, Qaudinin layihəsi üzrə ucaldılan unikal və möhtəşəm Müqəddəs Ailə qəsrini xüsusilə vurğulamaq olar. Qəsrin xarici görünüşü nəhəng Evangeliya ensiklopediyasını xatırladır - süjet və obrazlar toplusu binanın fasadı üzərində həkk olunub. Antonio Qaudi memarlıq formalarını fantastik şəkildə birləşdirərək, təkcə uzun ömürlü, yeni estetik modalı əşya yox, eyni zamanda çox fərqli yaşayış məkanını kəşf etmiş olub.

Azərbaycanda tanınmış sənədli filmlər rejissoru Tofiq Şahverdiyev 2002-ci ildə məşhur ispan memarının həyat və yaradıcılığından bəhs edən \"Antonio Qaudinin xatirəsinə\" adlı sənədli film çəkib. Mütəxəssislərin fikrincə, film dahi kataloniyalının ucaltdığı binalar kimi fantasmaqorik təsir bağışlayır. Tofiq Şahverdiyev foto və videokameraları ilə Qaudinin yaratdığı parkları, binaları, kino və konsert zallarını addım-addım gəzərək, gördüklərini lentə köçürüb.

Qaudinin işləri təkcə müəllifin sərhədbilməyən zəkasının yox, həmçinin yaradıcılıq axtarışlarının və müxtəlif materiallarla apardığı eksperimentlərin məhsuludur.

Antonio Qaudu 1926-cı ildə Barselonada ilk dəfə işləməyə başlayan tramvayın çarxları altında qalaraq, faciəli surətdə həlak olub. Deyilənlərə görə, sənətkar yolun ortasında dayanıb, özünün layihələşdirdiyi məbədə baxarkən yavaş sürətlə hərəkət edən tramvayın altına düşüb. Sonra faciələrin sayı çoxalmasın deyə, həmin tramvay xəttini ləğv ediblər.

Artıq Qaudini Barselonasız, eyni ilə də Barselonanı Qaudisiz təsəvvür etmək çətindir. Dahi memarın 1884-cü ildə inşasına başladığı, Saqrada Familia kilsəsinin tikintisi onun ölümündən sonra könüllü olaraq Kataloniya vətəndaşlarının maliyyə yardımı ilə davam etdirilir.

Qeyd edək ki, tikintinin 2030-cu ildə başa çatdırılması nəzərdə tutulub.

Şəhər Qaudinin əsərlərindən mənəvi güc alır desək yanılmarıq.


Barselonada mağaza və bazarlar olduqca çoxdur. Burada ən yaxşı alış-veriş mərkəzi "Barrio Gotico" sayılır. Şəhərin bu hissəsi dar küçələri ilə məşhurdur. Burada kiçik kafe və barların yanında xeyli mağazalar var. La Rambla küçəsinin axırında yer alan "Plasa Katalonya" meydanı şəhərin ən məşhur və əsl alış-veriş mərkəzi hesab olunur.

Barselonada ən çox maraq çəkən əyləncə əlbəttə, buğa döyüşləridir. Mağazalardan buğa döyüşü aksesuarlarını, eləcə də matador geyimini əldə etmək olar. Lakin buğa döyüşlərinə marağı olmayanların diqqətini milli rəqs - flamenqo geyimləri cəlb edir. Flamenqo İspaniyanın milli rəqsidir, Barselonanın ən çox yaddaşlarda qalan əyləncəsidir. Şəhərin ən uca nöqtəsindən Barselonanın panoramına və limanına baxıb zövq almaq istəyənlər isə Xristofor Kolumbun heykəlinin içində quraşdırılmış liftdən istifadə etməlidirlər. Şəhərdə bir yerdən başqa yerə getmək olduqca asan və rahatdır.

Məlumat üçün bildirək ki, ən yaxşı və sərfəli nəqliyyat vasitəsi isə metrodur.


Hər bir xalqın bayramları onun adət-ənənəsindən, tarixi köklərindən irəli gəlir. Eləcə də Barselona bayramları, adətləri xalqın inanclarından yaranıb. Barselonada ən çox maraqla izlənilən və bütün dünyada diqqət çəkən ənənələrindən biri öküz döyüşləridir. İndi İspaniya, Barselona deyiləndə ilk fikir məhz öküz döyüşləri olur. Şəhərin ən qədim ənənələrindən biri də milli flamenqo rəqsidir. Rəngarəng geyimlərdə olan qızlar ayaqlarını yerə döyüb, əllərini bir-birinə vurmaqla ritmə uyğun rəqs edirlər. İstənilən şəxsin bu rəqslərə qoşulmaq imkanı olması onu əsl əyləncə vasitəsinə çevirir. Barselona deyiləndə əlbəttə ki, futbol yarışmaları da anılır. Bu da əsl bayram keyfi yaradır və bu kefi yaşamaq üçün FC Barselonanın Nou Camp stadionunda olmaq lazımdır.


Yemək mədəniyyətinə gəlincə isə Barselona mətbəxi türk mətbəxinə çox yaxındır. Barselonada hər cür zövqə və cibə uyğun restoran tapmaq olar. Çünki Barselona mətbəxində bol zeytun yağından, bibərli duzlu qarışıqdan istifadə edilir. Balıq, dəniz ünsürlü xörəklər üstünlük təşkil edir.

Barselona mətbəxində zeytun yağı və şirniyyatlar geniş yayılıb. Barselona mətbəxinin məşhur yeməklərindən biri paella adlı plovdur - toyuq, safran, kalamar kimi dəniz məhsullarından hazırlanır və amanida adlı salatı xüsusilə seçilir. Kartoflu omlet, yanında qızardılmış yaşıl bibər, isti çörək dilimləri üstündə somon balıqları ənənəvi yeməklərdəndir.


İspaniyada əsas pul vahidi avrodur. Qeyd edək ki, burada ispan, kataloniya, ingilis, fransız dilləri geniş yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə